Koronavirus təhlükəsi səbəbindən uşaqlarını məktəbə göndərmək istəməyən valideynlər nə etməlidirlər?

0
596

Uşaqlarının xəstəliyə yoluxmasından qorxub məktəbə göndərmək istəməyən valideynlərin də mənafeyi nəzərə alınıb.

Bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, həmin valideynlər məktəbə yaxınlaşıb rəhbərliklə danışmalıdırlar:

“Belə ki, məktəb rəhbərliyinə bu hallar üçün hazırlanan xüsusi iltizam forması təqdim edilib. Valideynlər bu iltizam formasını imzalayırlar. Bunu imzalayan valideyn öz övladının virtual dərslərdə iştirakına, teledərsləri izləməsinə, müəllim tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsinə, müstəqil öyrənilməsinə və onun məktəbdə mütəmadi şəkildə keçiriləcək kiçik və böyük summativlərdə mütləq qaydada iştirak etməsini təminat verir.

Bütün bu məsuliyyəti öz üzərinə götürməklə valideyn övladının əyani dərslərdə iştirakından imtina etdiyini bildirmiş olur. Əgər buna rəğmən şagird virtual dərslərdə aktiv iştirak etməzsə və summativlərə qatılmazsa, bu şagirdlər biliyi qiymətləndirilməyənlər kateqoriyasına aid ediləcək və sinifdə qalmaq təhlükəsi ilə üzləşəcəklər”.