“Bunlar bizim çoxdan gözlədiyimiz günlər idi. Son 20 illik mənzərəyə fikir versək, görərik ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan demək olar ki, möcüzəvi dəyişiklikləri təmin edə bilib. Ən əsası ərazi bütövlüyümüzü təmin etdik. İndi bütün dünya qarşısında qalib məmləkət, qalib xalqıq. Bu, bizim əsas həyati prioritetimiz idi. Çünki Azərbaycan torpaqları tarix boyu həmişə yadellilərin, düşmənlərin gözündə bir şirin tikə kimi görünürdü. Ərazilərimiz işğallara, istilalara məruz qalırdı, müharibələr olurdu”.
Bunları açıqlamasında politoloq Tofiq Abbasov deyib.
“Bu halda artıq Azərbaycanın yeni tarixində xüsusi yeri olan, bizim öndərimiz Heydər Əliyevin böyük bir məktəbi formalaşdı. O məktəb demək olar ki, bizim inkişafımız üçün yeni istiqamətləri müəyyən etdi. O məktəbin yetişdirmələrindən biri Prezidentimiz İlham Əliyevdir və 20 il əvvəl oktyabrın 15-də Azərbaycan Prezidenti demişdi ki, əminəm ki, biz bacarıq və imkanlarımızla torpaqlarımızı azad edəcəyik və mən sizə söz verirəm ki, bunu edəcəyəm. Prezidentimiz vəd verdi və həm də ona əməl etdi. Əlbəttə ki, bu, bizim üçün qürurverici bir haldır. Radikal müxalifət iddia edirdi ki, guya Azərbaycanın siyasi xətti düzgün deyil, Azərbaycan kortəbii şəkildə hərəkət edir və s. Əlbəttə ki, bunlar hamısı sadəcə uydurma idi və bu kimi fikirləri səsləndirənlər, mən deyərdim ki, elə bizim daxili düşmənlərimizdir. Xaricdə düşmənlərimiz olduğunu bilirik, amma daxili düşmənlərimiz də var və indi faktiki olaraq onlar arqument bazalarını itiriblər”,- deyə politoloq açıqlayıb.
Onun sözlərinə görə, 30 il əvvəlki dövrlə indiki dövr arasında müqayisə edilməyəcək qədər böyük fərqlər var:
“Məsələ burasındadır ki, təpərli, ağıllı siyasət həmişə məqsədinə çatır və biz indi İlham Əliyevin rəhbərliyi altında məqsədlərimizə çatdıq. Biz həqiqətən də məkrli, çox təhlükəli bir düşməni diz çökdürdük. Onun havadarlarını da tərksilah etdik və ona görə də hesab edirəm ki, müqayisəyə gəlməyən işlər var. 1992-93-cü illərdəki olan xaosu hərc-mərcliyi yada salsaq, asanlıqla deyə bilərik ki, o hökumət deyildi. O, hakimiyyətə gəlmiş başıpozuq bir qüvvə idi.
Onlar proseslərə başlayandan sonra deyirdilər ki, biz bunu etmək istəyirik. Amma sağlam, yetkin bir qüvvənin əvvəlcədən həmişə proqramı olur, nizamnaməsi olur, fəaliyyət prioritetləri olur. Bu baxımdan o dövrdəki, 1992-93-cü illərdəki qüvvənin başı həmişə aşağı idi, çünki onlar əvvəlcədən artıq məğlub idilər. Çalışırdılar və indi də çalışırlar ki, özlərinə bəraət qazandırsınlar. Təbii ki, ağıllı, konstruktiv siyasət həmişə özünü müxtəlif çalarları, elementləri ilə göstərir. Biz görürük ki, Azərbaycanın həm daxili siyasəti güclüdür, həm də xarici siyasəti onun məntiqindən irəli gələn bir siyasətdir. Çünki beynəlxalq arenada qazanılan istənilən böyük uğur, daxildə olan potensiala söykənir”.