Kondisionerli qatarlarda niyə qan-tər içində işə çatırıq? – Metropolitendən absurd CAVAB

0
50

Yay fəsli özünü büruzə verəndən sonra metrodan istifadə edən hər kəs yeni qatarları axtarır. Çünki istiyə dözmək asan məsələ deyil, üstəlik xətdə çalışan köhnə qatarlar da az deyil. Sərnişinlər kondisionerə görə yeni qatarlara üz tutsalar da, son zamanlar qəribə bir situasiya yaranıb.

Yeni qatarlarda insanlar qan-tərin içində işə gedirlər. Bu vəziyyət ortaya bir neçə sual çıxarır: maşinistlər kondisionerləri tam gücdə istifadə etmirlər, yoxsa sərinlətmə sistemlərinin gücü çatmır?

Məsələ ilə bağlı danışan “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, maşinistlərin kondisioneri az gücdə istifadə etmək kimi bir seçimləri yoxdur:

“Çünki avtomatik rejimdə çalışır. İnsanların sayı, havanın hərarəti, mikroiqlim parametrləri və s. nəzərə alınaraq sistem özü təyin edir. Maşinistə kondisionerin zəif işləməsi ilə bağlı vaqonlardan müraciət olunanda o da mərkəzə müraciət edir.

Bakı metrosunda yeni qatarlarda kondisioner avadanlığı və ya havanın isidib-soyudulması sistemi bir vaqonda quraşdırılması mümkün olan ən optimal sistemlərdən biridir.

Ancaq kondisionerlərin salonu tam soyutmaması, çatdırmamasının səbəbləri var. Filtrlər vaxtından əvvəl tozla dola bilər”.

Qatarın kondisioneri gücə düşür?

Kondisionerlərin gücə düşməsinin səbəblərinə gəlincə, qurum rəsmisi sözlərinə belə davam edib:

“Kompressor sistemi daim güc altında çalışır. 12-20 saat ərzində qatar xətdə qaldığı üçün sistem dayanmadan fəaliyyət göstərir. Bunun neqativ təsirləri də olur. Konkret nümunələrlə bağlı şikayətlər olur. Amma bunun say baxımından çox olduğunu iddia etmək olmaz.

Filtrlərin işinə təsir göstərən amillərdən birincisi tunel mühitində hərəkət etməsidir. İkinci məqam isə salonun özündə olan mikroiqlim nəzarət qapılarının açılıb-bağlanmasıdır. Yəni problemlərin səbəbləri müxtəlif ola bilir. Lakin əminliklə deyə bilərəm ki, operativ tədbirlərin görülməsi üçün bütün addımlar atılır.

Bunu da qeyd edim ki, Bakı metrosunda bu sahənin inkişafı təkcə qatarlarla bağlı deyil. Stansiya və tunellərdə havalandırma sisteminin inkişafı da vacibdir. Sözügedən nüanslar hamısı kompleks yanaşma tələb edir. Bir sistemin fəaliyyətini digəri ilə tənzimləmək yox, bir-birini tamamlaması aspektindən bunlar çox vacibdir”.