Kondisionerdən yanlış istifadənin ÖLÜMCÜL nəticələri

0
78

İsti havalarda qapalı mühitlərdə daim istifadə edilən kondisionerlər xəstəliyə səbəb ola bilər.

Bu barədə Dr. Adem Yılmaz xəbərdarlıq edib.

O, “kondisioner pnevmoniyası” da adlanan “legioner xəstəliyi”nə isti havalarda çox rast gəlindiyini bildirib. həkim bu vəziyyətin hətta ölümcül ola biləcəyini diqqətə çatdırıb.

“Kondisionerlərdən şüurlu istifadə həddindən artıq isti bölgələrdə çalışan fərdlərin iş performansına müsbət təsir edir, isti havanın zehni və fiziki fəaliyyətlərə mənfi təsirlərini aradan qaldırır, tərləməni azaldaraq orqanizmin maye itkisinin qarşısını alır. Lakin kondisionerlərdən düzgün istifadə etməmək legioner xəstəliyi ilə yanaşı, əzələ, boyun və bel ağrılarına, oynaq problemlərinə, infeksiyaya və allergiyaya səbəb ola bilər”, – deyə həkim qeyd edib.

Onun sözlərinə görə, xalq arasında “kondisioner pnevmoniyası” kimi tanınan və bədən ağrıları, yüksək hərarət, baş ağrısı, ürəkbulanma, ishal ilə müşayiət olunan legioner xəstəliyi “legionella pneumophila” bakteriyasının yaratdığı ciddi bir ağciyər infeksiyasıdır:

“Bu xəstəlik kondisionerlər, cakuzilər, dekorativ fəvvarələr, havalandırma sistemləri kimi yerlərdən tənəffüs yolu ilə keçir. Xroniki tənəffüs problemi olan insanlarda, zəif immun sisteminə sahib olanlarda və diabet xəstələrində ölümə səbəb ola bilər”.

Yanlış kondisioner istifadəsindən yarana biləcək ən təhlükəli xəstəliyin bu olduğunu ifadə edən Dr. Yılmaz sözlərinə belə davam edib:

“Qızdırma, uzun sürən öskürək, oynaq ağrıları, ürəkbulanma və qarın ağrısı bu tip pnevmoniyanın ən mühüm əlamətlərindəndir. Kondisionerdəki kif buna səbəb ola bilər”.

Həkim bu halların qarşısını almaq üçün aşağıdakı tədbirləri görməyi tövsiyə edib:

“Kondisioner boruları 3 ildən bir yoxlanılmalıdır, filtrlər isə mütəmadi olaraq hər 6 aydan bir təmizlənməlidir. Bundan əlavə, hava üfürmə kanalları birbaşa şəxslərə yönəlməməli və xarici mühitlə daxili mühit arasındakı fərq 6 dərəcədən çox olmamalıdır.

İsti mühitdən soyuq mühitə və ya əksinə ani temperatur dəyişiklikləri xüsusilə ürək xəstələri üçün risk yarada, həmçinin uzun müddətli əzələ spazmları və oynaqların sərtliyinə səbəb ola bilər”.