Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) müdaxiləsi sayəsində Zərdab rayonunda erkən nikah faktının qarşısı alınıb.İyulun 19-da komitəyə “Təmiz dünya” İctimai Birliyi tərəfindən Zərdab rayon kənd sakininin 2006-cı il təvəllüdlü qızını erkən nikaha məcbur etmək məqsədilə nişan mərasimi keçirməsi barədə məlumat daxil olub. Müraciətin araşdırılması barədə operativ olaraq komitə nəzdində fəaliyyət göstərən Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinə müvafiq tapşırıq verilib.
Məsələ ilə bağlı mərkəzin, Zərdab Rayon İcra Hakimiyyətinin və Zərdab Rayon Polis Şöbəsinin məsul əməkdaşları ailəyə baş çəkərək vəziyyətlə yerində maraqlanıblar. İlk növbədə, nikaha məcbur edilən azyaşlı ilə söhbət aparılıb və nəticədə məlum olub ki, valideynləri 14 yaşlı qızın orta təhsilini başa vuraraq ali məktəbə daxil olmaq istəyinə məhəl qoymayaraq onu ailə həyatı qurmağa təhrik ediblər. Bununla da həddi-buluğa çatmamış azyaşlının Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan bir sıra hüquqlarının pozulmasına səbəb olublar.
Məsələ barədə yeniyetmə qızın təhsil aldığı kənd məktəbinin direktoru məlumatlandırılıb, öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görməli olduğu onun diqqətinə çatdırılıb. Valideynlərinə isə bunun qanun pozuntusu olduğu izah edilib və onlar müvafiq normativ aktlarda nəzərdə tutulan hüquqi məsuliyyətləri ilə əlaqədar məlumatlandırılıblar. İzahatları alınaraq onlara ciddi xəbərdarlıq edilib.
İctimaiyyətin haqlı qınağına səbəb olan bu hadisə Dövlət Komitəsi və Zərdab Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu” çərçivəsində nəzarətə götürülüb.
Eyni zamanda, məsələnin həddən artıq ciddiliyini və nikaha girmək istəyən digər tərəfin də məsuliyyət daşıdığını nəzərə alaraq qarşı tərəflə də məcburi erkən nikahın qarşısının alınması istiqamətində müvafiq iş aparılır.