Sosial şəbəkələrdə köhnə şəkilləri paylaşan insanlar sübut edir ki, ən azı səkkiz ildir İçərişəhərdə olmayıblar.
Bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Riad Qasımov bu gün keçirilən mətbuat konfransında bildirib.
Aparat rəhbəri qeyd edib ki, şəkilləri yayan insanlar İçərişəhərlə tanış deyillər:
“Ayda bir dəfə İçərişəhərdə olan Azərbaycan vətəndaşı bu şayiələrin yalan olduğunu görə bilər və görür. Sosial şəbəkələrdə şəkilləri yayanlara təklif edirəm ki, İçərişəhərə gəlsinlər və son 10 il ərzində idarə tərəfindən görülən işlərlə tanış olub, sonra bu cür məlumat yaysınlar.
Qeyd edim ki, qala divarlarına yeni quraşdırılacaq terraslarla divarı görmək mümkün olacaq. Əvvəllər bu obyektlər taxtadan idi və əlbəttə ki, qala divarını görməyə mane olurdu”.
O bildirib ki, sosial şəbəkələrdə paylaşılan görüntülər təxribat xarakterli məlumatdır:
“Müxalif qüvvələr hər zaman ölkəmizdə keçirilən nəhəng yarışlardan bir neçə gün əvvəl bu cür təxribatlar edirlər”.