Köçkünlər bu tarixdə öz yurdlarına dönəcəklər – İlham Əliyev AÇIQLADI

0
553
Köçkünlər bu tarixdə öz yurdlarına dönəcəklər - İlham Əliyev AÇIQLADI

“Biz artıq layihələrə başlamışıq. Mən onlardan bəzilərinin adını çəkə bilərəm. Məsələn, Füzulidən Şuşaya, Şuşadan Cəbrayıla, Horadizdən Zəngilana, Bərdədən Ağdama avtomagistralların tikintisinə artıq başlanılıb. Bunların hamısı ilə bağlı proses artıq gedir. Büdcə təsdiqlənib. Elektrik enerjisi istehsalı, xətlər, Şuşaya xətt artıq çəkilib”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda Roma Sapienza Universitetindən Daniel Pommier Vinçellinin ünvanladığı sualı cavablandırarkən deyib.

Dövlət başçısı bildirib ki, Şuşada elektrik stansiyası tezliklə açılacaq: “Qeyd etdiyim kimi, maksimum 2 ilə bütün Qarabağ elektrik enerjisi ilə təchiz olunacaq. Sonra, su təchizatı, su kəmərləri yoxdur. İnsanlar oraya getsələr, nə yeyəcəklər, nə içəcəklər, kənd təsərrüfatı ilə necə məşğul olacaqlar? Biz düzgün planlaşdırmalıyıq. Əlbəttə ki, şəhərsalma, çünki hər şey yerlə-yeksan edilib. Ona görə də yeni şəhərsalma layihələri olacaq. Hazırda bununla da bağlı proses gedir. Biz dərhal başlamışıq və sizə deyə bilərəm ki, bizim təsdiqləyəcəyimiz ilk şəhərsalma layihəsi Ağdam və həmçinin digər şəhərlərdir.

Biz Zəngilanda kəndlərdən birində pilot layihəyə başlamışıq – “ağıllı kənd”. Düşünürəm ki, bərpa işlərinə ola bilsin gələn ay, ola bilsin iyunda başlanacaq. Ümidvaram ki, ilin sonunadək bu pilot layihə artıq həyata keçiriləcək. Eyni zamanda, mən müxtəlif ölkələrdən olan tərəfdaşlarımızla təmaslarım zamanı bizə şəhərsalma, kəndlərin tikintisi ilə bağlı ideyalar verə biləcək şirkətləri cəlb etmək üçün bu məsələni qaldırmışam. Biz bu şirkətləri bizimlə işləməyə dəvət etmək istəyirik, çünki bizim tikinti imkanlarımız bu əraziləri bərpa etmək üçün yetərli deyil. Dediyim kimi, biz 4 Lüksemburq bərpa etməliyik. Bu, ciddi işdir.

Bu səbəbdən, onların hamısının nə vaxt qayıdacağını demək çətindir. Amma onlar mərhələli şəkildə qayıdacaqlar. Böyük ehtimal ki, qayıdış infrastruktura yaxın olan kəndlərdən başlayacaq. Məsələn Ağdam, Füzuli, Cəbrayılda elektrik və su xətlərini çəkmək daha asandır. Yavaş-yavaş biz davam edəcəyik. Eyni zamanda, biz hazırda, Laçında hava limanının inşasını planlaşdırırıq. Çünki Laçına getmək asan deyil. Oranı inşa etmək üçün yük təyyarələrinə ehtiyac var. Həmçinin Kəlbəcərə də yol çəkilir. Mövcud yol indi Rusiya sülhməramlılarının nəzarəti altındadır. Bu yoldan istifadə edirik, ancaq bəzən nə vaxt və necə olacağı bilinmir. İndi biz çoxlu tunellər inşa etməliyik, çünki dağların hündürlüyü 3500 metrə çatır və burada əvvəllər yol olmayıb. Beləliklə, dəqiq nə vaxt olacağını demək mənim üçün çətindir. Ancaq ümidvaram ki, gələn ildən etibarən, mərhələli şəkildə köçkünlərin ilk qrupu yerləşdirilməlidir”.