KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görülüb – FOTO

0
472

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) stendi 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisində (“Gift & Promo Fair 2019”) “Ən yaxşı sosial layihə” mükafatına layiq görülüb.

KOBİA-dan verilən məlumata görə, 12-14 sentyabr tarixlərində Bakıda keçirilən “Gift & Promo Fair 2019” və 2-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri (“AdPrint 2019”) sərgilərində KOBİA-nın dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) tərəfdaşlığı ilə yaradılmış xüsusi stenddə əsasən qadın və əlil sahibkarların əl işləri nümayiş olunub.

Stenddə qadın və əlil sahibkarlar tərəfindən hazırlanmış suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri, bəzək əşyaları və aksesuarlar və s. olmaqla ümumilikdə 50-yə yaxın çeşiddə əl işləri sərgilənib.

Sərginin 3-cü günü proqram çərçivəsində təşkil olunmuş tədbirdə mikro və kiçik sahibkarlar tərəfindən hazırlanmış müxtəlif geyim və aksesuarlar da nümayiş olunub.

Qeyd edək ki, KOBİA mikro və kiçik sahibkarların, xüsusilə də qadın və əlil sahibkarların, startapların və gənclərin ölkəmizdə keçirilən müxtəlif sərgi və festivallarda iştirakına dəstək göstərir. Burada əsas məqsəd KOB-ların öz məhsul və xidmətlərini təqdim etməsinə, satış imkanlarını genişləndirməsinə, biznes əlaqələri qurmasına dəstək olmaqdır.