KOB-ların maliyyələşdirilməsinə dair ictimai müzakirə təşkil edilib

0
542

Noyabrın 14-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə növbəti forum keçirilib. “Kiçik və orta biznes subyektlərinin maliyyə bazarlarına çıxışında şəffaflıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda forumda KOBİA-nın, Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Banklar Assosiasiyasının, eləcə də müxtəlif bankların, bank olmayan kredit təşkilatlarının və kredit ittifaqlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Forumda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə bazarlarına çıxışı ilə bağlı aktual məsələlər, maliyyə təşkilatları tərəfindən göstərilən xidmətlər, dövlət və özəl qurumların təqdim etdiyi mövcud və alternativ maliyyələşdirmə mexanizmləri ilə bağlı müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Azərbaycan Prezidentinin apardığı iqtisadi islahatlar yeni mərhələyə qədəm qoyub və bu prosesin əsas istiqamətləri sırasında kiçik və orta sahibkarlığın inkişafı, onun iqtisadiyyatda rolunun artırılması prioritet kimi müəyyən edilib.

“Maliyyə resurlarına çıxış və yüksək keyfiyyətli maliyyə xidmətləri ilə təmin olunma kiçik və orta biznesin inkişafında əsas şərtlərdəndir. Prezident İlham Əliyev bu ilin oktyabrında keçirilmiş iqtisadi müşavirədəki çıxışı zamanı iqtisadiyyatın real sektorunun aktiv maliyyələşdirilməsi, eləcə də bu prosesdə kiçik və orta biznesin dəstəklənməsi istiqamətində maliyyə qurumlarına çağırış edib. Bu çağırışa uyğun olaraq, maliyyə qurumlarının, ictimai təşkilatların, dövlət orqanlarının və sahibkarların iştirakı ilə birgə müzakirə formatında təşkil olunmuş bugünkü forum bu baxımdan aktualdır”, – deyə o bildirib.

Agentliyin əsas fəaliyyət istiqamətlərindən birinin KOB-ların maliyyə resurlarına çıxışını əlçatan etmək, eləcə də sahibkarlar tərəfindən təklif olunan investisiya layihələrini maliyyə qurumları ilə əlaqələndirmək olduğunu qeyd edən KOBİA-nın sədri bir sıra təkliflər də səsləndirib. Bildirib ki, sahibkarlara maliyyə dəstəyinin digər çoxsaylı dəstək tədbirləri ilə əlaqəli şəkildə həyata keçirilməsinə şərait yaratmaqla səmərəliliyi yüksəltmək baxımından KOBİA ilə banklar arasında daha sıx əməkdaşlığın həyata keçirilməsi, daxili bazar araşdırmalarına dövlət dəstəyinin göstərilməsi qaydaları çərçivədində maliyyə qurumları və banklarla əməkdaşlıq, maliyyə institutları ilə birgə tədbirlərin, seminar və təlimlərin keçirilməsini məqsədəuyğun olardı.

Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyəti sədri vəzifəsini icra edən İbrahim Alışov, Mərkəzi Bankın Baş direktoru Rəşad Orucov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxışlarında mövcud maliyyələşdirmə mexanizmləri, KOB-ların maliyyə resurslarına çıxışının genişləndirilməsi üçün həyata keçirilən tədbirlər, yeni maliyyələşdirmə mexanizmləri, bu sahədə beynəlxalq təcrübə, kiçik və orta biznes subyektlərinin maliyyə ehtiyaclarının öyrənilməsi tədbirləri barədə məlumat veriblər.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov forumun keçirilmə məqsədi, agentlik yanında İctimai Şuranın fəaliyyəti barədə məlumat verib, KOB-ların, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə mütəmadi olaraq üçtərəfli formatda tədbirlərin keçirildiyini bildirib. Forumda səsləndirilən fikirlərin, rəy və təkliflərin nəzərə alınacağını və aidiyyəti üzrə təqdim olunacağını qeyd edib.

Forum çərçivəsində, həmçinin müxtəlif maliyyə təşkilatlarının mikro, kiçik və orta sahibkarlıq subyektlərinə təqdim etdiyi maliyyə xidmətlərinin sərgisi təşkil olunub.