Kiyevə İran istehsalı olan “Shahed”lərlə hücum: Ukrayna ordusu bütün hava hədəflərini məhv etdi

0
174

Rusiya ordusu Kiyevə “Şahed” tipli kamikadze dronlarla hücum edib. Ukraynanın hava hücumundan müdafiə sistemləri isə bütün hava hədəflərini məhv edib.

Bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko xəbər verib.

Onun sözlərinə görə, Kiyevə indiki hava hücumu mayın əvvəlindən bəri 10-cudur.

“Paytaxtda son hava həyəcanı təcavüzkarın PUA-lardan istifadə etməsi ilə bağlıdır. İlkin məlumatlara görə, Rusiya qırıcıları paytaxta yenidən “Şahed”lə sursat atıblar”, – deyə o, “Telegram”da bildirib.

O, həmçinin qeyd edib ki, hücumlar qısa fasilələrlə bir neçə dalğada olub.

“Kreml bu cür taktika ilə hava hücumundan müdafiə sistemimizi tükəndirməyə çalışır, eyni zamanda mülki əhaliyə psixoloji təsir göstərmək istəyir. Bacarmayacaqlar!”, – deyə Popko əlavə edib.

O, vurğulayıb ki, düşmənin Kiyev istiqamətində hərəkətdə olan aşkar edilmiş bütün hava hədəfləri hava hücumundan müdafiə qüvvələri və vasitələri ilə məhv edilib, Kiyevə hücumlara imkan verilməyib.