KİVDF-də yol verilən korrupsiya: Yarım milyon manatdan çox mənimsəmə

0
571
????????????????????????????????????

 

Baş Prokurorluğun yaydığı məlumata görə, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən yol verilən qanunsuzluqlar barədə Hesablama Palatasından daxil olmuş material araşdırılarkən, Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işinə başlanılıb.

Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü, hüquqşünas Əliməmməd Nuriyev  bildirib ki, bu maddələr korrupsiyaya qarşı cinayətlərlə əlaqəli maddələrdir:

“Bunlar korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan normaları əhatə edir. Yalnız bir maddə mülkiyyət əleyhinə olan cinayətlər fəslinə daxildir. 179.4 maddəsində bütövlükdə mənimsəmə və israfetmə, yəni təqsirkara etibar edilmiş, özgə əmlakını talamadan, xüsusilə külli miqdarda ziyan vurmaqla törədilməsindən söhbət gedir. Maddənin sanksiyasında 10 ildən 14 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Xüsusilə, külli miqdar dedikdə qanunvericilikdə 500 min manatdan yuxarı olan məbləğ başa düşülür.

Digər cinayət maddəsi isə 308.1 maddəsidir. Burada vəzifə səlahiyyətlərindən sui-istifadədən bəhs edilir. Yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi üçün tələb edildiyi halda, istifadə etməməsi, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinə, yaxud dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə zərər vurulması başa düşülür.

Sanksiya iki min manatdan dörd min manatadək cərimə və üç ilədək müddətdə müəyyən vəzifə tutmaqdan və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrumetmə, yaxud iki il müddətinə islah işləri, üç ilədək azadlıqdan məhrumetmə, azaldığın məhdudlaşdırılması ilə cəzalandırılır. Sanksiyada həm cərimə cəzası, həm də azadlıqdan məhrumetmə nəzərdə tutulur. Həmçinin, başqa fəaliyyətlə məşğul olmasına qoyulan qadağa əlavə cəza kimi verilir”.

Hüquqşünas qeyd edib ki, ümumilikdə, açılan cinayət işlərinə görə, dövlət büdcəsinə külli miqdarda zərər dəyib:

“308-1.2 maddəsində dövlət büdcəsinin məqsədli büdcə fondlarının, yaxud büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmək və bu əməllər külli miqdarda törədildikdə üç ilədək vəzifə tutmaq və fəaliyyətlə məşğul olmaq və üç ildən altı ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Burada külli miqdar dedikdə 250 min manatdan yuxarı olan məbləğ nəzərdə tutulur. Söhbət ondan gedir ki, jurnalistlər üçün binanın tikilməsi ilə bağlı dövlət büdcəsindən ayrılan vəsaitdən təyinatı üzrə istifadə edilməyib. Elan edilən ittihamlarda, həmçinin satınalma prosedurları keçirilmədən dövlət vəsaitini xərcləmə və dövlət satınalamalarının qanunsuz keçirilməsi öz əksini tapıb.

308-2.4 maddəsində satınalan təşkilat tərəfindən satınalma keçirilmədən müqavilə bağlanmasının həyata keçirildiyi göstərilib. Burada açıq tender üsulundan istifadəyə üstünlük verilməməsindən söhbət gedir. Külli miqdar dedikdə 250 min manatdan yuxarı məbləğ nəzərdə tutulur. Sanksiyada cinayət nəticəsində vurulmuş ziyanın üç misli qədər cərimə edilməklə, üç il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək məhrumetmə cəzası nəzərdə tutulur”.

Hüquqşünasın sözlərinə görə, hazırda Fonda dörd maddə ilə açılan cinayət işlərində təqsirli bilinən şəxslərin müəyyənləşdirilməsi prosesi gedir:

“Bütün maddələrin sanksiyalarında uzunmüddətli azadlıqdan məhrumetmə nəzərdə tutulur. Maksimal cəza müddəti 14 ilə qədərdir. Əlbəttə ki, sonda cinayət işi hansı maddələrlə məhkəməyə gedəcək, bununla bağlı bəri başdan fikir söyləmək çətindir, konkret olaraq daxil olmuş cinayət işi üzrə hansı cəzanın verilməsini məhkəmə müəyyənləşdirəcək. Həmçinin, istintaq hərəkətləri nəticəsində daha hansı cinayət maddələrinin əlavə olunacağı bəlli deyil. Bu barədə dəqiq məlumat vermək mümkün deyil. Bunun əksi istintaqın gedişinə təzyiq kimi qiymətləndirilə bilər. KİVDF-nin hansı vəzifəli şəxslərinə hansı cəzanın verilməsi məhkəməninin qərarından asılı olacaq”.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin araşdırmaları KİVDF-nun sabiq icraçı direktoru Vüqar Səfərlinin fəaliyyəti dövrünü əhatə edir.