Kardioloq: “COVID-19-a yoluxmanın artması ilə infarkt halları da artıb”

0
332

“COVID-19-un fərqləndirici xüsusiyyəti sürətli yoluxma, ağciyərin ağır zədələnməsi və qan laxtalanmasının pozulmasıdır. Bu xəstəlik yeni və nisbətən az bilinəndir”.

Bunu kardioloq həkim Rüfət Zeynalov yeni növ koronavirusun fəsadlarından danışarkən bildirib.

Onun sözlərinə görə, qanın laxtalanma sisteminin pozulması infarkt, insultla nəticələnir, həmçinin, dərin venaların trombozu və tromboembolizmin inkişafına səbəb olur.

“Anlamaq lazımdır ki, ürək-damar xəstəlikləri olan insanların əlillik və ölüm riski yüksəkdir. Müşahidələrimiz və dünyadakı həmkarlarımızın çoxsaylı məlumatları göstərir ki, COVID-19 bu riskləri artırır”, – deyə o əlavə edib.

Həkim bildirib ki, COVID-19-a yoluxmanın artması səbəbindən kardioloqlara (xüsusən təcili) çağırışların tezliyi də artıb. O, ilk dəfə müraciət edən pasiyentlərin arasında infarkt hallarının çoxalmasını xüsusi vurğulayıb.

Bunun koronavirusla necə əlaqələndirildiyinə gəldikdə, kardioloq bunu təcili qəbul edilən pasiyentlərə tətbiq olunan yüksək texnologiyalı invaziv müdaxilələr zamanı müəyyən edildiyini deyib:

“Koronar angioqrafiya zamanı xəstələrdə ürək damarlarının kütləvi trombozunu aşkar edirik. Digər ölkələrdən olan həmkarlarımız oxşar nəticələr əldə ediblər”.

Onun sözlərinə görə, belə halların qarşısını almaq üçün ən təsirli tədbir ilk gündən bəhs edilən əsas təhlükəsizlik tədbirlərinə riayət etməkdir.

“Bu, mümkün qədər təcriddir: insanlar ictimai yerləri ziyarət etməyi məhdudlaşdırmalı, sosial məsafəyə və gigiyena qaydalarına riayət etməlidirlər. Və bu hər kəsə aiddir”, – deyə təkidlə tövsiyə edib.