İnsanların kütləvi şəkildə toplaşdığı qapalı və açıq hava məkanlarında (ictimai nəqliyyat, ictimai iaşə və ticarət obyektləri, park və bulvarlar) karantin rejiminin tətbiqi ilə bağlı şərtlərə yenidən baxılmalı, əhali arasında sosial məsafə tələbi ən geniş şəkildə təbliğ olunmalı, tibbi maskalardan istifadə məcburiyyətə çevrilməli, bu qaydaların pozulmasına görə cəzalar sərtləşdirilməlidir.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.
Deputat bildirib ki, koronavirusun ölkəmizdə yayılması ilə bağlı hökumətin son günlərdə səsləndirdiyi rəqəmlər Azərbaycanda pandemiyanın ikinci dalğasınının olması ehtimalını ciddi şəkildə artırır:
“Aidiyyəti dövlət orqanları və tibb işçilərimiz gərgin rejimdə fəaliyyət göstərərək virusa yoluxma hallarının azaldılması naminə çalışırlar. Həmçinin hökumətimiz bəzi karantin məhdudiyyətlərini ləğv edib, həyatın tədricən öz normal axarına düşməsi üçün şərait yaradıb. Lakin əfsuslar olsun ki, karantin rejiminin yumşaldılmasını ölkəmizdə pandemiya təhlükəsinin tam səngiməsi, bu virusdan tam qurtulması kimi qəbul edənlər var və onların sayı da az deyil. Sosial şəbəkələrdə “koronavirus yoxdur”, “koronavirus siyasi-iqtisadi oyundur”, “koronavirus dövlətlərin vətəndaşlara qarşı repressiv tədbirlər görməsi üçün bəhanədir” kimi marazmatik açıqlamaları paylaşanlar da var
Onlar anlamırlar ki, bu cür fikir və bəyanatlar ictimaiyyətdə çaşqınlıq yaradır, aidiyyəti qurumlarımızın pandemiya ilə apardığı mübarizənin səmərəliliyinə təsir göstərir. Nəticədə bəzi insanlarımız belə yanlış fikirlərə inanaraq arxayınlaşır, sanitar-gigiyenik qaydalara məhəl qoymur, tibbi maskalardan və dezinfeksiya vasitələrindən istifadə etmirlər.
Doğrudur, Azərbaycan hakimiyyəti, dövlət qurumları və həkimlərin müstəsna əməyi nəticəsində koronavirusa yoluxma miqyasının maksimal dərəcədə məhdudlaşdırılmasına nail olunub. Lakin ölkədə pandemiyaya yoluxmaların sayının azaldılması və vəziyyətin nəzarətdə saxlanması üçün dövlət qurumları tərəfindən mövcud qanunvericilik çərçivəsində müvafiq sərt addımların atılması olduqca zəruridir”