Karantin qaydaları sərtləşdirilməlidir, əgər… – İnfeksionist

0
285

Böyük marketlərdə sosial məsafənin gözlənilməməsi, eyni zamanda karantin qaydalarının yumşaldılmasından sonra təmasların artması virusun daha çox yayılmasına təkan verir. Nəticədə son günlərdə yoluxma sayı 600-ə qədər yüksəlib. Qaydalara ciddi yanaşmaq lazımdır. Əgər yoluxma sayı artarsa, qaydalar sərtləşdirilməlidir.

Bu sözləri açıqlamasında infeksionist-hepatoloq Abidin Rəhimov deyib. Həkim bildirib ki, pandemiya ilə mübarizə üsullarını xüsusilə gənclər pozur:

“Cavanların immuniteti yaşlılardan daha güclüdür. Çoxu xəstəliyi ayaq üstə keçirir, hiss etmir. Sonra isə immuniteti aşağı olan yaşlı nəslə ötürürlər. Əgər evdə yaşlı və xroniki xəstəlikləri olan insan varsa, ehtiyatlı olmaq, əlləri tez-tez yumaq, maska taxmaq lazımdır. Çoxu səhlənkar yanaşır”.

İnfeksionist qeyd edib ki, vaksin pandemiyadan yeganə çıxış yoludur:

“Azərbaycan vaksini ilk alan ölkələrdəndir. Vaksinasiya yoluxma sayını nəzarətdə saxlamağa kömək edəcək. Təəssüf ki, bəzi insanlar vaksindən qaçır, sosial şəbəkələrdə ona qarşı yalan məlumatlar paylaşıb insanları çaşdırırlar. Peyvənddən sonra əks göstərişlərin olması təbiidir, qripə qarşı olan peyvəndlər də 100 min adamdan birinə allergiya verə bilər. Ancaq pandemiyanın başa çatması üçün peyvənd olunmaq vacib şərtdir”