“Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu il həssas qruplarla bağlı nəzərdə tutulmuş bütün sosial proqramlar, eləcə də sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirilməsi ilə bağlı planlar tam icra olunacaq”. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlikdə videobağlantı formasında keçirilmiş kollegiya iclasında deyib.
O qeyd edib ki, xüsusi karantin rejimi bitdikdən sonra şəhid ailələrinə və müharibə əlillərinə yeni alınmış mənzillərin verilməsinə başlanacaq, bu il onlara 1500 mənzil verilməlidir, həmçinin, müharibə əlillərinə avtomobillərin verilməsi işləri də davam edəcək.
Məlumdur ki, dövlət şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin sosial rifahının yaxşılaşdırılmasına xüsusi önəm verir. Bu kateqoriyaya aid olan şəxslərin pensiya və müavinətləri mütəmadi artırılır, minik avtomobili ilə təmin edilir, mənzillə təminatları unudulmur.
Analoji addım demək olar ki, hər il həyata keçirilir. Sadəcə, dünyanı bürüyən koronavirus pandemiyası ilə əlaqədar olaraq bu il şəhid ailələri və müharibə əlillərinə veriləcək evlər karantin rejimi bitəndən sona mümkün olacaq.
- “…həssas qrupa aid olan şəhid ailələrinə və müharibə əlillərinə mənzil veriləcək”
“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, şəhid ailələrinə, müharibə əlillərinə gündəlik diqqət və qayğı dövlətin ali məqsədidir: “Ölkəmizdə ərazi bütövlüyümüz uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, həmçinin, müharibə əlillərinə böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev sosial cəhətdən qayğıya ehtiyacı olanların mənzil-məişət şəraitinin və onlarının rifahının yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Bir sözlə, müharibə veteranlarına və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təkcə bir faktı qeyd edək ki, şəhid ailələrinə, müharibə əlillərinə fərdi ev, mənzil və avtomobillər hədiyyə edilir. Dövlət başçımız bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirməkdə davam edir. Əminəm ki, müstəqil Azərbaycan yaşadıqca, bu addımlar davam edəcək”.
Həmsöhbətimiz onu da vurğuladı ki, şəhid ailələri, müharibə əlillərinə və digər kateqoriyaya aid şəxslərə dövlət hər zaman dəstək göstərir: “Məlumdur ki, hazırda ölkəmiz çətin sınaqla üzbəüz qalıb. Koronavirus bəlası ölkəmizdə tam olaraq yox olandan sonra həssas qrupa aid olan şəhid ailələrinə və müharibə əlillərinə mənzil veriləcək”.
Günel CƏLİLOVA