Rusiya Ukrayna müharibəsinin bitməsindən sonra Avropa İttifaqı ilə böyük savaşa hazırlaşır və bu mübarizədə Pekin də Moskvaya dəstək verə bilər.
Bu barədə NATO-nun hazırladığı hesabatda qeyd olunur.
NATO-nun Hərbi Komitəsi Brüsseldə toplantı keçirib. “Rusiyanın NATO-ya hücum ehtimalı”nın müzakirə edildiyi toplantıda ittifaqın bütün qurumlarının 6 ay ərzində hazırladığı 40-dan çox müharibə hesabatı müzakirə edilib. Müzakirələrdə Rusiyanın müharibəyə hazırlaşdığı qənaəti qətiləşib.
Yekun hesabata görə, Putin 5 il ərzində Baltik ölkələri – Estoniya, Litva və Latviyaya, həmçinin, Polşaya hücum etməyə hazırlaşır. Bu 4 ölkəyə mümkün hücum NATO-nun müharibəyə qoşulması deməkdir. NATO mütəxəssisləri başda Almaniya, İngiltərə və Fransa olmaqla Avropa İttifaqının hərbi büdcəsinin “soyuq müharibə” dövründəki həddə çatdırmağı tövsiyə edirlər.
Hesabatda qeyd olunur ki, Rusiya NATO ilə sərhəd olduğu bütün bölgədə hərbi qüvvələr toplayır və ölkədə səfərbərlik təkcə Ukrayna ilə müharibə üçün yox, həm də sərhəddəki hərbi mövcudluğunu artırmaq məqsədilə həyata keçirilir. Ölkənin müdafiə xərcləri SSRİ-nin “soyuq müharibə” dövründəki hərbi büdcəsinə yaxınlaşır. Moskva eyni zamanda, Qərbdəki bütün rəsmi qurumlara, diplomatik missiyalara və özəl sektora qarşı gizli əməliyyatlar həyata keçirir. NATO ölkələrinin müharibədən öncə kəşfiyyat və kiber hücumlarına da hazır olmadığı hesabatda əksini tapır.
Hesabatda vurğulanır ki, Rusiya Finlandiya və İsveçin NATO-ya üzv olmasından sonra Skandinaviya ölkələri ilə sərhəddə yerləşən Kola yarımadasına hərbi qüvvələr toplayır, eyni zamanda, Finlandiya ilə sərhəddəki Petrozavodsk şəhərində yeni komanda qərargahı inşa edir. Qarşıdakı üç il ərzində bu bölgədə 80 min əlavə əsgərin yerləşdiriləcəyi gözlənilir. Bununla yanaşı, Rusiya hərbi sənayesində istehsalı sürətlə artırır. Proqnozlara görə, Ukrayna ilə müharibə başa çatdıqdan dərhal sonra Rusiya cəbhədəki hərbi birliklərinin böyük bir qismini Polşadan Skandinaviya ölkələrinə qədər uzanan sərhəddə yerləşdirəcək.
Almaniya, Litva, Danimarka və Polşanın xarici kəşfiyyat xidmətləri də Rusiyanın Ukrayna məsələsi bitdikdən sonra NATO ilə müharibəyə hazırlaşdığını hesab edirlər. Almaniyanın Federal Kəşfiyyat Təşkilatının (BND) NATO-ya təqdim etdiyi hesabatlara görə, Rusiya böyük hücumdan öncə iqtisadiyyatını müharibə şərtlərinə uyğunlaşdırıb. Gözlənilən müharibənin ən gec 2030-cu ildə başlaması proqnozlaşdırılır.
Danimarkanın Hərbi Kəşfiyyat Xidmətinin (DDİS) hesabatında Rusiyanın NATO-ya qarşı müharibəsinə Çin və Şimali Koreyanın da dəstək verəcəyi qeyd olunur.
NATO-nun hesabatlarında isə bildirilir ki, Rusiya 65 milyard avroluq hərbi büdcəsini 2025-ci il ərzində 120 milyard avroya çatdıracaq. Rusiyanın canlı qüvvəsinin 1,5 milyondan çox olacağı, NATO ilə sərhəddəki hərbi kontingentin də 50 faiz artırılacağı bildirilir. Hətta Rusiyanın müharibə zamanı dənizin altında NATO-ya məxsus kabellərin kəsilməsini məşq etdiyi iddia olunur.