Kənardan görüntülərimiz hiss etdiklərimizdən önəmlidirmi?

0
1710

Təəssüf ki, belədir. Kimiləri hiss etdiklərini, kimiləri isə bir çox əməllərini gizlətmək məcburiyyətli duyğularını daim yaşamaqdadır.

Bu məcburiyyətə bir çox görüntülərin fərqli “görmə” qabiliyyətli insanların fərqli yozumlarının qəbul edilə bilinməyən tərəflərinin ağırlığına tab gətirilə bilməyəcəyi anlayışı səbəb olur.
Hər kəsin cavabını verməyə gücüm var deyənlərin səmimiyyətinə inanmaq da çətindir.
Gizlədilmək istənilən əməllərin də çox zaman hamıya aydın olması bəllidir. İnsanların, cəmiyyətin hər bir mədəni, ictimai, mənəvi təbəqələrinə məxsus nümayəndələrini həyat boyu fərqli gizləntilər məcburiyyətində qoyan nədir? Günahlar, utanc hissləri, cəsarətsizlik, səmimi olmaq qorxusu, anlaşılmazlıqların cavabı üçün mənəvi, fiziki gücün, zəka və söz ehtiyatının çatışmazlığı?
Bu səbəblər və süni məcburiyyətlər qarşısında qalmamaq üçün nə etməli?
Məncə, ilk növbədə iradəmizi toplayaraq ürəyimizin səsi ilə hərəkət etməliyik, günahlardan qaçmalıyıq. Yenə də böyük şair Bəxtiyar Vahabzadənin dediyi “Ağıl Allahdır, hiss şeytan” sözləri yadımıza düşdü.
Bu sözlərdə həqiqət böyük olsa da, gözəl hisslərlə yaşayanlara təhqir kimi də anlaşıla bilər. Əslində hisslərin şeytandan qaçmağı üçün Allaha sığınmağın vacibliyindən söhbət gedir.
Ağlın hisslər üzərində qalibiyyəti üçün iradəyə böyük ehtiyac var… Və aydın məsələdir ki, iradəsi ilə bacarmayanlar az və ya çox miqdarda pis insanlar cərgəsində yer alır. Bu isə hiss etdiklərimizin kənardan görüntülərinin yox edilməsinin mümkünsüzlüyünün sübutudur.
Üzümü yaxşı insanlara tuturam. Hiss etdikləriniz fərqli görüntüsü sizi narahat etməsin. Pis pisi axtarır. Yaxşını yaxşı tez görür.
Hiss etdiklərimiz daha önəmlidir demək ki… Ağlımızı da itirməmək şərti ilə. Xosbəxtliyin də açarı budur. Xoşbəxtliyin tamına da ümid etməyin. Bütün ömrə yetəcək xoşbəxt anlara belə şükür edək. Dünya imtahan dünyasıdır.

Sənubər