Jurnalist Vasif Talıbova qalib gəldi: Ali Məhkəmə Naxçıvan Məhkəməsinin qərarını ləğv etdi…

0
141

Bu gün Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasında jurnalist Tural Səfərova bəraət verilməsi üçün kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən iclasda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Tural Səfərov barəsində çıxardığı qanunsuz qərar ləğv edilib. Ali Məhkəmənin bəraət vermək hüququ olmadığından iş baxılması və bəraət verilməsi üçün yenidən Apellyasiya Məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, Tural Səfərov 2021-ci ilin iyun ayında Vasif Talıbovun tapşırığı ilə Naxçıvanda qanunsuz şəkildə həbs edilmişdi. O, Naxçıvan Şəhər Məhkəməsinin hökmü ilə dörd ay müddətinə azadlıqdan məhrum olunmuşdu. Bunun bəhanəsi isə Naxçıvan Beynəlxalq Hava Limanı barədə yazdığı tənqidi status idi.

Jurnalist öz açıqlamalarında dəfələrlə qeyd edib ki, onun həbsinin çox ciddi siyasi səbəbləri var.

Bir ay həbsdə qaldıqdan sonra Azərbaycanın müvafiq dövlət orqanlarının müdaxiləsi ilə Tural Səfərov şərti azadlığa buraxılmışdı. Həmin ilin dekabr ayında amnistiya tətbiq edilmiş və məhkumluğu götürülmüşdü.

Naxçıvan məhkəmələrinin qərarı ilə razılaşmayan jurnalist ona bəraət verilməsi xahişi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermişdi.