Jurnalist adını şərəfləndirən Hidayət Elvüsal

0
58

Maral POLADOVA
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi nəşrlər və proqnozlaşdırma şöbəsinin baş mütəxəssisi

Tanınmış jurnalist Hidayət Elvüsalın dünyasını dəyişməsi xəbəri yaxın dostlarını və həmkarlarını qəlbən sarsıtdı. Bu il iyun ayının 25-də Mətbuat Şurasında Hidayət Elvüsalın 75 illiyinə həsr olunmuş tədbirlərdən sonra bizim – tələb yoldaşlarının yubilyara hədiyyə olaraq ondan xəbərsiz hazırladığımız “Söz adamı: Hidayət Elvüsal” adlı kitabı görmək heyif ki, əziz tələbə yoldaşımıza nəsib olmadı. Allahdan Hidayət Elvüsala rəhmət diləyir, kitaba salınmış “Jurnalist adını şərəfləndirən Hidayət Elvüsal” adlı yazımı oxuculara təqdim edirəm.

Hidayət Elvüsalla tanışlığımızın tarixi yarım əsrdən artıq (56 il) bir zamanı əhatə edir. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Jurnalistika fakültəsində, I kursda, eyni qrupda oxuyurduq (Ancaq o zaman onu Hidayət Nağıyev kimi tanımışdıq). 28 nəfər idik: 21 oğlan, 7 qız. 612-ci qrupda “məskunlaşmışdıq”. Mehribançılıq olduğuna görə, bir-birimizə qarşılıqlı hörmətimiz də vardı. (Onu da deyim ki, indi 28 nəfərdən cəmi 8 nəfər qalmışıq. Dünyasını dəyişənlərimizə Allahdan rəhmət diləyirəm)…

Qrupumuzdakı tələbələrin yalnız 3-4 nəfəri şəhər uşağı idi. İmkanlı ailənin uşaqları da elə onlar idilər. Yerdə qalanlarımız ortabab rayon, kənd uşaqları idik. Ona görə də anlaşmaq məsələsində “problem” yaşanmırdı.

Amma… Elə ilk gündən özünəməxsus ötkəm xarakteri ilə, daha dəqiq desəm, “ipə-sapa yatmayan”, yəni “sözəbaxan” uşaqlardan fərqli görünən yoldaşlarımız da vardı. Onlardan biri, bəlkə də elə birincisi haqqında söhbət açmaq istədiyim Hidayət Nağıyev (Elvüsal) idi. İlk gündən istedadları ilə, yəni yaxşı qələm sahibi olmaları ilə başqalarından fərqlənən Hidayət və Yusif (Yusif Əhmədov) duzlu-məzəli söhbətləri və eyni zamanda “nadinclikləri” ilə hamıdan seçilirdilər. Hətta bəzi müəllimlərlə “yola getmir”, mübahisə edir, “lazımsız” fənləri saymırdılar…

İllər bir-birini əvəz etdikcə, hər kəs öz yerində “məskunlaşdı…” Bəzilərimiz təyinatla göndərildiyimiz ünvanlarda işlə təmin olunduq, bəzilərimiz isə “axtarıb tapdığımız” sahələrdə…

Və beləcə, bir-birimizdən aralı düşdük…

Bir dəfə, yəqin ki, 1973-cü ilin payızı olardı, təsadüfən tələbə dostlarımızın bir neçəsilə (Hidayət, İsrafil, Əlipənah, mən (qızımla) və Asəf) Filarmoniya bağında rastlaşdıq. Bəlkə də onlar zəngləşib görüşmüşdülər. Amma nə yaxşı ki, həmin anı əbədiləşdirən bir şəkil bizə yadigar qaldı. Sonra gördüm ki, Hidayət həmin şəkli özünün Foto-söhbətinə daxil edib, sevindim.

Uzun illər Hidayətin imzası olan yazıları imkan daxilində izləyib oxusam da, özünü görmürdüm. Bizim qrupun yaxşı bir ənənəsi də vardı, 10 ildənbir haradasa yığışıb görüşərdik, dərdləşərdik. Bu işlərin təşkilatçısı və ilhamvericisi isə bir qayda olaraq Əlipənah Bayramov olardı (məkanı cənnət olsun). Onu elə lap əvvəldən qrupumuzun “Ağsaqqalı” seçmişdik. Doğrusunu deyim ki, həmin tədbirlərdə də Hidayət gözə dəymirdi…

Ancaq son 5 il ərzində Hidayətlə 2 dəfə, özü də onun 70 və 75 illik yubiley tədbirlərində görüşdük. Yeri gəlmiskən, məni bu tədbirlərə dəvət etdiyinə görə dostumuz İsrafil Qurbanova sonsuz minnətdarlığımı bildirirəm. Çünki bu tədbirlərdə görüb eşitdiklərimə əsasən deyə bilərəm ki, bütün əzizləri və doğmaları kimi, bizim də – Hidayətin tələbə yoldaşlarının da onunla fəxr etməyə, qürur duymağa haqqı çatır…

Hidayət Elvüsalın 70 illik yubileyinə həsr olunan toplantı Bakı Mətbuat Mərkəzində, 75 illiyi isə Azərbaycan Mətbuat Şurasında keçirildi. Hidayətsevərlərin iştirak etdikləri bu tədbirdə sözün həqiqi mənasında SÖZ-ə qiymət verən insanlar toplaşmışdılar.

Hidayət Elvüsalın çağdaş mediamızda qələmi ilə populyarlıq qazanmış peşəkar yazarlardan biri olduğunu xüsusi vurğulayan R.Məcidin giriş sözündən və təbrikindən sonra qonaqlara söz verildi. Və ürəyi dolu olan dostlar, tanışlar yubilyar haqqında maraqlı xatirələri yada saldılar. Tələbə yoldaşımız, Əməkdar dövlət qulluqçusu İsrafil Qurbanov çıxış edərkən, cibindən çıxartdığı dördqat bükülmüş bir vərəq hamının diqqətini çəkdi. Bu, Hidayətin yurd həsrətinin odunu, alovunu əks etdirən “Apar məni o yerlərə” şeiri idi:

Ürək daha dözə bilmir,

Apar məni o yerlərə.

Könlüm həsrət, üzüm gülmür,

Apar məni o yerlərə…

– deyən Hidayət Elvüsalın özü də bu şeiri maraqla dinlədi, nə vaxt yazdığını, nə vaxt verdiyini xatırlaya bilmədi.

Doğrusunu deyim ki, 70 illik yubiley tədbirində iştirak etdiyim günə qədər peşəkar satirik-publisist kimi tanıdığım Hidayət Elvüsalın həm də gözəl şeirlər və qəlboxşayan mahnıların müəllifi olduğundan xəbərim yox idi.

Doğulduğu cənnət Kəlbəcərin saf havasından və suyundan ruhlanan Hidayətin bir vaxtlar, hələ universitetə qəbul olunmamışdan əvvəl yazdığı ilk qələm təcrübəsi olan şeir və hekayələri də elə Kəlbəcər rayonunun “Yenilik” qəzetində işıq üzü görmüşdü. Sonralar onun jurnalistlik fəaliyyətinin coğrafiyası böyüyərək, respublikanın sayılıb-seçilən mətbuat orqanlarına doğru isti-qamət alıb. Bakıda ilk iş yeri olan “Azərbaycan gəncləri” qəzetini, onun redaktoru, mehriban insan, peşəkar jurnalist Yusif Kərimovu minnətdarlıqla xatırlayan Hidayət, həmin qəzetin redaksiyasında tanış olduğu Azərbaycanın məshur sənət adamlarını da xoş duyğularla yada salır. Deyir ki, “bəxtim onda gətirib ki, mənim redaktorlarım Yusif Kərimov, Ramiz Əhmədov, Məzahir Süleymanzadə, Cəmil Əlibəyov və əlbəttə ki, mənəvi redaktor, Şakir Yaqubov olub”…

“Azərbaycan gəncləri”ndən sonra “Kommunist” (indiki “Xalq qəzeti”), 20 Yanvar günlərində milyondan çox oxucusu olan “Səhər”in yaradıcılarından biri və baş redaktorun müavini, “Belə-belə işlər”, “Kriminal” qəzetlərinin isə təsisçisi və baş redaktoru, “Ədalət” qəzetində baş redaktorun müavini vəzifələrində çalışan H.Elvüsalı ən çox populyarlaşdıran isə “Belə-belə işlər” rubrikası olub. Harada olmasından asılı olmayaraq, hər yerdə öz əqidəsinə sadiq qalan Hidayət Elvüsalın ailəsində tərbiyə alıb boya-başa çatan övladları və 5 oğlan nəvəsi də (Allah qorusun hamısını) onun yolunu davam etdirərək, Vətənə, torpağa olan borclarını vicdanla yerinə yetiriblər. Yadıma gəlir ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi dövründə onun nəvələri də cəbhədə idilər, mənim də. Ona görə hər dəfə torpaqlarımız azad olunanda zəngləşirdik, nəvələrdən danışırdıq. Şükür Allaha ki, hamısı sağ-salamat, hətta medallarla, Müharibə Veteranı kimi qayıt-dılar…

Təəssüflə qeyd etmək istəyirəm ki, Hidayətə həsr olunmuş hər iki tədbirdə onun dostları və həmkarları tərəfindən səsləndirilən bir haqlı irad – bu vaxtadək Hidayətin bir dənə də olsun kitabının çap olunmaması hamını narahat etdi. Hər kəs bunun səbəbini bir cür yozurdu. Kimisi bunu Hidayətin həddindən çox təvazökar olması, kimisi onun “tənbəlliyi”, kimisi də torpaq həsrətinin nisgili ilə əlaqələndirirdi…

Hidayət Elvüsalın yaradıcılığına vaxtilə yüksək qiymət verən Xalq şairimiz Bəxtiyar Vahabzadə onu “müasir dövrümüzün Cəlil Məmmədquluzadəsi” adlandırmışdı.

Hidayət deyir ki, sözün qədrini bilməyən adam, heç nəyin qədrini bilməz! Onu da deyir ki, “Jurnalistika bir həyatdır, yurddur, adam burdan ayrılsa, – balığı sudan çıxarırsan, bax, jurnalistika da mənim üçün belə bir şeydir, adamın nəfəsi kəsilir…”

Sözü yüksək dəyərləndirən, daha doğrusu, öz sözünün yerini bilən Hidayət Elvüsal “Jurnalist, yoxsa…” adlı yazısında “müxbir” sözünün “açmasını” özünəməxsus tərzdə belə “izah” edir:

“Müxbir” adlanan bir vəzifə var. Adətən, bu, yazı-pozu islərində çalışanlara deyilir.

Xüsusi xidmət servislərinin də müxbirləri ola bilər. Onlar bir növ kəşfiyyatçı, agent fəaliyyəti ilə məşğuldurlar. Məsələn, Daxili İşlər Nazirliklərinin müxbirləri olub, yəqin ki, indi də var. Bu müxbirlər hansısa hadisə, adam, iş və s. barədə məlumat verirlər. Və bu müxbirlər nə çekist, nə polis, nə də başqa bir adla fəaliyyət göstərirlər. Onlar sadəcə olaraq xəbərçilərdir.

Jurnalistika da belədir. Hər kəs müxbir ola bilər, amma bu o demək deyil ki, jurnalistdir. Məsələn, bir nazirliyin mətbuat xidmətinin rəhbəri, ixtisasca baytar, hüquqşünas, coğrafiyaşünas… olur. Amma ona jurnalist demək olmaz.

Qısası, şou-biznesdə çalıb-oxuyanların şalvarından, ayaqqabısından, sırğasından, donundan, ağzından, burnundan yazanlar müxbirlərdir. Kimisi aqronom, kimisi artist, kimisi tarçalan, pianoçu… olur. Amma bu, onların jurnalist olmasına əsas vermir. Yəni hər yazan, hər danışan jurnalist deyil. Bu adı, bu peşəni hər kəsə peşkəş etməyin”.

Hidayət Elvüsalın kiçikhəcmli, amma dərinmənalı hər bir yazısında çox böyük və ağrılı mövzulara toxunulur. Onu yaxından tanıyanlar yaxşı bilirlər ki, zahirən soyuqqanlı görünən bu böyük insanın köksündə vulkan kimi püskürən alovlu bir ürək çırpınır. O, təkcə peşəkar jurnalist kimi deyil, eyni zamanda humanistlikdən himayədarlığadək uzun bir yolu üzüağ çıxmağı bacarmış qeyrətli bir vətəndaşdır. Kəlbəcərsizlik günləri başlayanda, həmkarları işsiz qalanda onlara öz imkanlarından artıq xeyirxahlıq göstərmişdir.

Yubiley tədbirinin sonunda biz – Hidayət Elvüsalın tələbə yoldasları, daha doğrusu, 612-ci qrupun nümayəndələri (Əli Şamil, İsrafil Qurbanov və mən) belə qərara gəldik ki, onun yazdıqlarının hamısını olmasa da, bir qismini bir yerə toplayıb çap etmək istəsək, çox güman ki, özü buna maneçilik yarada bilər. Ona görə də Hidayətin özündən xəbərsiz bir SÖZ hədiyyəsi hazırlamağı planlaşdırdıq. Bu məqsədlə, Hidayət Elvüsalın çap olunmuş yazılarından və müxtəlif xatirə yazıların elektron variantından istifadə etdik. Eyni zamanda özümüzün demək istədiklərimizi də ilk dəfə bu topluya daxil etmək imkanı qazanmış olduq. Fikirləşdik ki, həmkarlarının “güldürə-güldürə öldürən qələm sahibi” adlandırdıqları SÖZ ADAMINA sözdən maraqlı nə hədiyyə edə bilərik ki…

Uzaqda bir ev görünür,

Dörd yana duman sürünür,

Çəmənlər çənə bürünür,

Apar məni o yerlərə…

– deyən Hidayət Elvüsala möhkəm cansağlığı və əziz nəvələrinin toyunu görməyi arzulayırıq!

10.07.2024