“Jara”: doğma şəhərdə məhəbbət macərası

0
522

Bir neçə gün əvvəl Heydər Əliyev Mərkəzində səbrsizliklə gözlənilən “Jara” romantik kinokomediyası böyük tamaşaçı auditoriyasına təqdim edildi.

Film ötən il “Jara-2018” beynəlxalq musiqi festivalı çərçivəsində “Team Films” şirkəti tərəfindən ekranlaşdırılıb. Baş prodüser Emin Ağalarov, prodüser və ideya müəllifi Teymur Cəfərov, kreativ direktor və ssenari müəllifi isə Fuad İbrahimbəyovdur.

Filmdə baş rolları Rusiyanın gənc aktyorları Nail Abdraxmanov, Maqomed Murtuzaaliyev və azərbaycanlı aktrisa Günəş Mehdizadə canlandırıb. Filmi daha da maraqlı edən məşhur rus estrada ulduzları Filipp Kirkorov, Qriqori Leps, Nikolay Baskov, Ani Lorak, Valeriya və başqalarının çəkilməsidir.

Premyera başlayır və böyük ekranda sevimli şəhərimiz – Bakının kadrları görünür. Rejissor ustalıqla elə ilk kadrdan tamaşaçını ekrana bağlayır. Doğma şəhər, doğma küçələr, doğma simalar…

Etiraf etmək lazımdır ki, film yüksək peşəkarlıqla ərsəyə gətirilib. İstər aktyor heyəti, istər operator və rejissor işi hətta Bakını görməyənləri də bu şəhərə heyran qoyur.

Filmin əsas hissələri turistlərin sevimli məkanı, Bakının simvolu sayılan İçərişəhərdə lentə alınıb. Süjet xəttində gənc və istedadlı müğənni Daşa Steklova dayanıb. O, “Jara” festivalının son akkordlarını vurmalıdır. Amma Daşa nə ona təqdim edilən mahnını oxumaq istəyir, nə də prodüserlərin dedikləri ilə razılaşır. Bakıya çatan kimi isə ifaçı fotoqrafı ilə birlikdə çalışdığı prodüserin əlindən qaçaraq, yoxa çıxırlar. Elə əsl macəra da bundan sonra başlayır.

Bakıda doğulub-böyüyən hər bir insan üçün şəhərin gözəlliyini qiymətləndirmək çox çətindir.

Amma özünüzü bir anlıq turist kimi düşünün, Bakıya ilk dəfə gəlirsiniz. Hava limanından ayrıldıqdan sonra möcüzələr ard-arda sıralanır. Geniş prospektlər, müasir binalar, hündür göydələnlər… Və bu müasirliyin tam mərkəzində özündə min illərin tarixini yaşadan İçərişəhər. Bir turist üçün bundan gözəl nə ola bilər?

Filmdə Bakının bütün gözəllikləri elə məharətlə və peşəkarlıqla təsvir edilib ki, kinoteatrdan çıxıb bir daha Bakını gəzmək istəyi yaranır.

Filmdə Murad obrazını aktyor Nail Abdraxmanov canlandırır. İki yaxın dost – Murad və Ramin baş verən hadisələrin əsas qəhramanına çevrilirlər. Elə bu ərəfədə toy çaldırıb sevgilisi Dənizə (Günəş Mehdizadə) qovuşacaq Murad (Nail Abdraxmanov) və bələdçi kimi çalışan, daha doğrusu, buna cəhd edən Ramin (Maqomed Murtuzaaliyev) hava limanında xoşagəlməz bir hadisə nəticəsində Daşa Steklova və fotoqraf ilə üz-üzə gələrək, toqquşurlar.

Fotoqraf çəkdiyi bütün şəkilləri bir-bir sosial şəbəkədə yayımlayır və bu da Dənizin gözündən qaçmır. Bütün baş verən hadisələr fonunda gəlin göz yaşları içində bəydən küsərək, onunla ayrılmaq qərarına gəlir. Bundan sonra Rusiyanın məşhur pop ulduzları gəncləri barışdırmaq niyyəti ilə gəlinin evinə gəlib, yenidən elçilik edirlər. Dəniz isə ayağını bir başmağa dirəyib, şəxsən Muradın üzrxahlıq etməsini tələb edir. Murad tanış olduğu yeni dostlar sayəsində Dənizdən ayrıldığı kimi, yenidən barışmaq şansını qazanır.

Göz oxşayan və rəngarəng kadrların yer aldığı ekran işində diqqət çəkən məqam Azərbaycan dilində səslənən gülüş doğuran fraza (kəlmələr) və sözlərdir. Filmdə doğma Bakımızın gözəlliyi, koloriti, futurustik memaqlıq inciləri, füsunkar və qədim tarixi binalar bir yerdə ansambl təşkil edib.

Məşhurların filmdəki səmimiyyəti, istedadı və yüksək aktyorluq qabiliyyəti ekran işinin uğurunu birə-min artırıb. Hər kəsin sevə-sevə dinlədiyi Eminin “Sbejim v Baku” hiti isə ekran əsərində lap yerinə düşüb. Çünki filmdə yer alan möhtəşəm kadrlar və aktyorların maraqlı, səmimi dialoqları fonunda səslənən bu mahnı ekran əsərini seyr edəcək əcnəbi tamaşaçını Bakıya səsləyir. Bir sözlə, “Jara” filmini izlədikcə Bakıya aşıq olmamaq mümkün deyil.

Əgər sevgi, məhəbbət və romantika dolu anların şahidi olmaq istəyirsinizsə, “Jara” kinokomediyası məhz sizin üçündür. Odur ki, yolunuzu paytaxt kinoteatrlarından salın.

Rəşad Əliyev