İTV-nin çəkiliş avadanlıqlarını oğurlayan şəxs saxlanılıb – FOTO

0
334

Mayın 21-də günorta saatlarında Səbail rayonu Rəşid Behbudov adına Mahnı Teatrının qarşısında İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşları çəkiliş edən zaman kanalın avadanlıqları naməlum şəxs tərəfindən oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, bu barədə polisə məlumat verən televiziyanın əməkdaşları oğurlanan 2 ədəd çəkiliş relsinin ümumilikdə dəyərinin 1 800 ABŞ dolları olduğunu bildiriblər.

Ərazi üzrə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəsini törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Füzuli Hüseynov saxlanılıb.

O, ifadəsində qeyd edib ki, oğurladığı relsləri Xətai rayonunda yerləşən əlvan metal qəbulu məntəqəsinə 60 manata satıb. Bölmə əməkdaşları tərəfindən həmin avadanlıqlar satıldığı yerdən aşkar olunaraq maddi sübut kimi götürülüb.