İsveçrədə pilotsuz “uçan qazan” hazırlanıb

0
635

Lozanna Federal Texniki Universitetinin mütəxəssisləri adi hava aparatlarından iki dəfə sürətli ikimotorlu pilotsuz uçan aparat hazırlayıblar. Ekspertlərin qənaətinə görə, bu yeni ixtiradan sənaye infrastrukturunun əlçatmaz hissələrində, xüsusən tunellərdə tədqiqatlar zamanı istifadə etmək olar.

“Uçan qazan”ın yeganə nöqsanı onun uçuş vaxtının az olmasıdır ki, bu da aparatın ağır çəkisi və nisbətən səmərəsiz vintləri ilə izah olunur. Bu səbəbdən uzunmüddətli uçuşlar zamanı aparatın akkumulyatorlarını mütəmadi olaraq dəyişmək lazım gəlir. Bildirilir ki, layihə üzərində uzun müddət çalışan mühəndislər də bu problemi həll edə bilməyiblər.

Yeni pilotsuz aparatı təqdim edən Flybotix startapının əməkdaşları əsas diqqəti helikopterin analoji sistemi əsasında hazırlanan güc qurğularına yönəldiblər. Onlar silindr şəklində paralel olaraq yerləşdirilib. Stabilləşmə üzrə novator sistemi sayəsində aparat helikopterin aerodinamik keyfiyyətlərini götürüb. Məsələn, tuneldə və yaxud mağarada uçan bu aparat kamera görüntüləri çəkmək üçün bir müddət havadan asılı vəziyyətdə qala bilir. Məsafədən idarə olunan pilotsuz “uçan qazan”ın uçuş müddəti onun həcmindən və çəkisindən asılıdır. Hazırda mütəxəssislər onun batareyasının daha uzunömürlü olması üzərində işi davam etdirirlər.

Aparatın daha bir üstünlüyü elastik penomaterialla örtülməsi və maneələrə dəyərkən korpusun əzilməməsidir. Qayalara, yaxud divarlara çırpılan “uçan qazan” asanlıqla kənara atılır və uçuşu davam etdirir.