İsveçrədə həkimlər müalicə məqsədilə xəstələrə marixuana təyin edə biləcəklər

0
713

İsveçrə həkimləri öz xəstələrinə müalicə məqsədilə marixuana yaza biləcəklər.

Federal Şura “Narkotik maddələr haqqında Qanun”a müvafiq dəyişiklik etmək istəyir. Lakin tibbi sığorta şirkətləri bu preparat təyin olunmuş xəstələrə heç bir ödəniş etməyəcək.

Qeyd edilib ki, dünyanın bir sıra ölkələrində xərçəng və ya dağınıq skleroz xəstəliyindən əziyyət çəkən minlərlə xəstə marixuana qəbul edir və həkim təyinatı əsasında bu maddədən istifadə leqal sayılır. Eləcə də İsveçrədə Federal Səhiyyə İdarəsi (FSİ) hər bir xəstəyə ərizə əsasında qəbul icazəsi verir. 2018-ci ildə FSİ təxminən 3000 belə icazə verib.

Ötən illərdə bu ərizələrin sayı getdikcə artıb. Tərkibində 1 faizdən artıq tetrahidrokannabinol (THC) mövcud olan preparatın istifadəsinə icazə almaq üçün həkimlər xəstənin alternativ müalicələrdən yararlanmasının mümkün olmadığını izah etməlidirlər.

FSİ-dən verilən məlumata əsasən, tibbi marixuana xərçəng xəstələrinin xroniki ağrıları, kimyaterapiya zamanı ürəkbulanma və iştahsızlıq əleyhinə istifadə oluna bilər. Dağınıq skleroz zamanı bu maddə spazmaların azaldılmasına yardım edir. İndi Federal Şura prosesi asanlaşdıraraq müalicə həkiminin birbaşa qərar verməsini və marixuana təyin etməsini qanuniləşdirmək istəyir. Marixuana tərkibli vasitələrin həqiqətən müalicəvi təsir göstərməsi elmi cəhətdən hələ tam sübut olunmayıb. Bu səbəbdən də tibbi sığorta şirkətləri adıçəkilən vasitələri çox nadir hallarda ödəyir. FSİ bu qaydanın dəyişdirilməsinin hələ nəzərdə tutulmadığını qeyd edib.

Qeyd edək ki, marixuana 1951-ci ildən etibarən İsveçrədə qadağan olunub.