Ümumdünya Karate Federasiyası (WKF) Tokio Yay Olimpiya Oyunları üçün lisenziya xalları verən yeni turnirlərin siyahısını açıqlayıb.
13-15 mart tarixlərində Mərakeşin paytaxtı Rabatda keçirilməli olan Premyer Liqa və martın 25-dən 29-na qədər Bakıda təşkil olunmalı Avropa çempionatı koronavirusa görə ləğv edilmişdi.
Bu səbəbdən karateçilərin həmin iki yarışdan Olimpiadaya lisenziya xalları toplaması qeyri-mümkün olmuşdu. Ona görə də, WKF 2021-ci ildə Rabatda keçiriləcək analoji turnirin (17-19 aprel) və 2021-ci ildə İsveçin Geteborq şəhərində baş tutacaq Avropa çempionatının lisenziya xalları verən yarış olmasına qərar verilib.
Həmçinin, Rabat yarışı baş tutmasa, 2021-ci ildə Avstriyanın Zalsburq şəhərində təşkil ediləcək Premyer Liqasının lisenziya xalları verəcəyi istisna edilməyib. Bundan başqa, İsveçdəki yarış baş tutmazsa, ötən il İspaniyanın Qvadalaxara şəhərində baş tutmuş Avropa çempionatının nəticələrinin lisenziya xalları üçün hesablanacağı bildirilib.
Bundan başqa, Fransanın paytaxtı Parisdə baş tutmalı olan 8-10 may, sonra 26-28 iyuna təxirə salınan, daha sonra isə bu il üçün ləğv olunan Olimpiya Təsnifat Turniri 2021-ci ilə təxirə salınıb. Onun vaxtı daha sonra müəyyənləşdiriləcək.
Qeyd edək ki, hazırkı nəticələrə əsasən, Rafael Ağayev və İrina Zaretskaya Olimpiadaya lisenziyanı reytinqlə təmin ediblər.