İstehlak kreditlərinə 3 ay güzəşt edilsin, faiz hesablanmasın – VİDEO

0
472

Pandemiya şəraitində istehlak kreditlərinin ödənişi ilə bağlı məsələ necə həll olunacaq? Hazırda əhalini düşündürən ən vacib məsələrdən biri budur. Məsələyə Mərkəzi Bank və deputatlar münasibət bildiriblər.
Bir sıra vətəndaşların istehlak krediti ödənişləri ilə bağlı banklara ünvanladığı müraciətlərə “krediti gələn ay ödəsəniz, iki ayın ödənişini birlikdə etməlisiniz” deyə cavablar verilir.
Kredit ödənişlərinin dondurulması prezidentin sərəncamı ilə yaradılan və Mərkəzi Bank Sədrinin rəhbərlik etdiyi işçi qrupunun gündəmindədir. Hətta bu məsələ ilə bağlı baş bankir milli məclisdəki son çıxışında işlərin aparıldığını açıqlayıb.
Məsələni həmrəylik və birlik konteksindən dəyərləndirdikdə isə onu qeyd etmək yerinə düşər ki, bank sektorunun fəaliyyəti üçün hər cür imkanın yaradıldığı ən yüksək səviyyədə dəfələrlə bəyan edilib.
Elə pandemiya dönəmində dövlətin ən çox dəstək verdiyi sahələrdən biri yenə də bank sektorudur. Millət vəkili Fazil Mustafa bildirir ki, kredit ödənişlərinin dondurulması vətəndaşların üzərindəki yükün azaldılması üçün vacibdir.
Ötən ilin yekunları ilə bağlı bankların maliyyə hesabatları da göstərir ki, onlar 2019-cu ili böyük gəlirlərlə başa vurublar. Buna görə praktiki olaraq bir neçə aylığa kredit ödənişlərini dondurmaq bankların maliyyə vəziyyətini heç də kəskin pisləşdirməyəcək.
Buna görə də bu çətin gündə cəmiyyətin banklardan gözləntisi kreditlərlə bağlı vətəndaşların yükünü bir qədər yüngülləşdirməkdir. Millət vəkili Vüqar Bayramov bildirir ki, istehlak kreditləri ilə bağlı güzəştlərin tətbiq edilməsi üçün təkliflərini artıq hökumətə təqdim ediblər.
Məsələyə Mərkəzi Bank da münasibət bildirib. Qurumdan Xəzər Xəbərə verilən məlumata görə, hazırda kreditlərin dondurulması məsələsi Mərkəzi Bank sədrinin rəhbərlik etdiyi işçi qrupunun gündəmindədir.
Məsələnin təfərrüatları tam dəqiqləşəndən sonra ictimaiyyətə məlumat veriləcək. Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən iclasında nazirlər kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov da bu məsələyə diqqət çəkərək güzəştlərin yaxın günlərdə elan ediləcəyini açıqlayıb.(xəzərxeber)