İstanbuldan avtobusla Naxçıvana göndərilən azərbaycanlı: “Hamı gözləyir ki, gömrükdə necə olacaq”

0
518
İstanbul Bakı təyyarə

İstanbuldan avtobusla Naxçıvana gələnləri ölkəyə gətirmək üçün üç reys ayrılıb və bu reyslərə biletlər pullu ola bilər, Nazirlər Kabineti yanında operativ qərargahdan BBC News Azərbaycancaya bildirilib.

Şənbə günü təşkil olunacağı deyilən bu reyslərin ayrılması barədə Azərbaycan vətəndaşlarının bir qisminin İstanbuldan avtobusla Naxçıvana yola salınmasından sonra bəlli olub.

Avtobusda olanlardan bəziləri deyir ki, İstanbuldan yola salınsalar da, sərhədi necə keçəcəkləri və onları kimin qarşılayacağı barədə heç nə bilmirlər.

Azərbaycan Hava Yolları (AZAL) çarter reyslərinin davam etdirildiyini bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi məsələnin “nəzarətdə olduğunu” bildirib. XİN bu gün əksəriyyəti tələbələr olan 163 nəfərin xüsusi ayrılmış avtobuslarla İstanbuldan Naxçıvana və ordadan da AZAL tərəfindən Naxçıvan-Lənkəran uçuş istiqaməti üzrə ölkəyə gətiriləcəklərini açıqlayıb.

“Bizi konkret aldatdılar”

Bir həftə əvvəl Praqadan İstanbula uçan Nigar Mübariz koronavirusa görə uçuşlar ləğv olunduğu üçün Bakıya qayıda bilməyib.

O deyir ki, Azərbaycan Hava Yollarının (AZAL) İstanbuldakı nümayəndəliyindən Bakıya çarter reysləri barədə sualına “Bu günə də, sabaha da reys yoxdur. Bilmirik nə vaxt olacaq” cavabı alıblar.

Bundan sonra bəzi azərbaycanlılar avtobusla qayıtmağa razı olublar.

Nigar Mübariz söyləyir ki, avtobusları Azərbaycanın İstanbuldakı konsulluğu təşkil edib və bunun üçün ödəniş tələb edilməyib.

“Bizi siyahıya aldılar ki, 3-4 avtobus gəlir, onunla Iğdıra gedin. 150-dən çox adam da əlacsızlıqdan avtobusa mindi. Biz gələndən sonra eşitdik ki, bir çarter reysi gəlibmiş. Bizi konkret aldatdılar”, – o deyib.

Azərbaycan XİN bildirib ki, Azərbaycana geri qayıtmaq istəyən vətəndaşların ölkəyə qayıdışını təmin etmək üçün çarterlərlə yanaşı əlavə olaraq avtobus xidmətindən də istifadə olunur.

Azərbaycan Hava Yolları (AZAL) martin 21-də İstanbuldan Lənkərana 248 nəfər nəfərin gətirildiyini açıqlayıb.

İstanbul-Iğdır-Naxçıvan-Bakı

Nigar Mübariz deyir ki, onlara Iğdıra getmək, oradan Naxçıvana keçərək Bakıya təyyarə ilə uçmaqları deyilib. Lakin bu barədə heç bir rəsmi məlumat əldə edə bilməyiblər.

“Avtobusa pul verməmişik, amma deyirlər Naxçıvandan Bakıya bileti özümüz almalıyıq. Hələ Iğdırdan Naxçıvana taksi ilə getməliyik. Deyirlər Naxçıvandan Bakıya reyslər var, indi tapmağa çalışırıq”.

O, Türkiyə-Naxçıvan sərhədini keçib-keçə bilməyəcəkləri, kiminsə onları müşayiət edib-etməyəcəyi barədə məlumat ala bilmədiklərini deyir.

“Gedirik, sürücü də “deyir yaxşı olar”. Hamı gözləyir ki, gömrükdə necə olacaq. Ola bilər ki, təyyarə göndərilsin. Qeyri-müəyyəndir”, – Nigar Mübariz söyləyir.

Azərbaycan Xarici İşlər Nazirliyi deyib ki, “məsələ nəzarətdədir”.

“Bütün müvafiq tədbirlər görülür. Əgər vətəndaşlar İstanbuldan avtobusla çıxarılıblarsa, deməli, o biri tərəfdən də keçiriləcək, karantin qaydalarına da riayət ediləcək, digər məsələlər də mərhələ-mərhələ öz həllini tapacaq”.

XİN bu gün əksəriyyəti tələbələr olan 163 nəfərin xüsusi ayrılmış avtobuslarla İstanbuldan Naxçıvana və ordadan da AZAL tərəfindən Naxçıvan-Lənkəran uçuş istiqaməti üzrə ölkəyə gətiriləcəklərini açıqlayıb.

Nigar Mübariz deyir ki, Azərbaycanın Türkiyədəki konsulluğu İstanbul Hava Limanında sendviçlər paylasa da, avtobusla səfər müddətində sərnişinlər su və yeməkləri özləri alırlar.

Rəsmilər nə deyir?

Azərbaycanın İstanbuldakı Konsulluğundan bu məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi məsələnin “nəzarətdə olduğunu” bildirib.

“Bütün müvafiq tədbirlər görülür. Əgər vətəndaşlar İstanbuldan avtobusla çıxarılıblarsa, deməli, o biri tərəfdən də keçiriləcək, karantin qaydalarına da riayət ediləcək, digər məsələlər də mərhələ-mərhələ öz həllini tapacaq”.

Nazirlər Kabineti yanında operativ qərargahdan BBC News Azərbaycancaya deyiblər ki, avtobusla gələnlərin Türkiyə sərhədindən Naxçıvana keçməsi “artıq danışılıb” və “heç bir problem olmayacaq”.

Qərargahın nümayəndəsi bildirib ki, vətəndaşlar onlara müraciət “edərək onları kimin qarşılayacağı, keçidin necə olacağı” barədə suallar verib. O, vətəndaşların “mütləq qarşılanacağını”, lakin detallar barədə “hələ dəqiq cavabın olmadığını” söyləyib.

“Azərbaycan Hava Yollarından bizə verilən məlumata görə, Iğdırdan gələnləri Bakıya yola salmaq üçün Naxçıvandan Bakıya 3 xüsusi reys ayrılıb. Onlar bu gün saat 15:30, 20:40, 01:50-də uçmalıdırlar. Verilən məlumata görə, biletlər ödənişli olacaq”, – qərargahın nümayəndəsi deyib.

AZAL bu məsələ ilə bağlı məlumat veriləcəyini qeyd edib.

Qərargahdan bildirilib ki, əgər sərnişinlərdən kimdəsə koronavirus simptomları olarsa, “Naxçıvanda karantinə salına bilər”, əks halda Bakıya yola salınacaqlar.

“Çox güman onları Naxçıvandan Bakıya göndərəcəklər, ola bilsin ya ayrılmış otelə, ya Lənkərana, Qobustana aparılsın.

XİN Türkiyədən qayıdan bütün şəxslərin müayinədən keçiriləcəyini və Lənkəran və Masallıda yerləşən xüsusi məntəqələrdə 14-28 günlük karantin rejiminə yerləşdiriləcəklərini açıqlayıb.

Nazirlər Kabineti operativ qərargahdan bundan əvvəl açıqlayıb ki, Türkiyədən Azərbaycana qayıtmaq istəyən vətəndaşlar arasında Türkiyə ərazisində müvəqqəti və ya qısa müddətli əsasda olanlara, Türkiyə ərazisindən tranzit məqsədləri üçün istifadə edənlərə, Azərbaycan Hava Yolları ilə qarşıdan gələn günlər üzrə geri qayıtma bileti olanlara, yaşlılara, azyaşlı uşağı olan və ya xəstəlik durumu olanlara üstünlük veriləcək.

Azərbaycana qayıtmaq istəyən vətəndaşlar Azərbaycanın Ankaradakı Səfirliyi və ya İstanbuldakı Baş konsulluğunda qeydiyyatdan keçməlidirlər.

Martın 17-də Nazirlər Kabinetində koronavirus epidemiyası ilə bağlı vəziyyət və vətəndaşların təxliyəsi məsələlərinin müzakirə edildiyi iclasda Baş nazir Əli Əsədov deyib ki, İtaliya, Türkiyə, Macarıstan və bura yaxın ölkələrdən Azərbaycana qayıdan vətəndaşlar mütləq qaydada karantinə yerləşdiriləcək.

Azərbaycana digər ölkələrdən qayıdan şəxslərin müayinədən keçiriləcəyi, zərurət yarandığı halda, 14-28 günlük karantin rejiminə yerləşdiriləcəkləri bildirilir.

Azərbaycan yük daşımaları istisna olmaqla İran, Türkiyə, Gürcüstan və Rusiya sərhədlərini bağlayıb.

Bakıdan dünyanın 20-yə yaxın şəhərinə uçuşların dayandırıldığı açıqlanıb.

Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb.