İşsizlikdən Sığorta Fondunun gəlirləri əsasən işçilər və işə götürənlər tərəfindən verilən vəsaitlərdən ibarətdir.
İşsizliyə görə edilən ödənişlər isə Fondun büdcəsinin cüzi bir hissəsini təşkil edir.
Gələn il üçün nəzərdə tutulan büdcə layihəsində işsizliyə görə sığorta ödənişlərinə 17 milyon manatın ayrılması planlaşdırılır ki, bu da ümumi xərclərin 8,2 faizini təşkil edir.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirib ki, Fondun büdcəsində işsizliyə görə ödənişin az olmasının səbəbi qanunvericiliklə əlaqəlidir. O, həmçinin qeyd edib ki, işsizlərə ödənilən bu məbləğin məhdud bir qrup üçün ayrılması, vəsaitin tam istifadə olunmamasına səbəb olur. Yəni, ümumilikdə az olan məbləğin bir hissəsi xərclənmir. Müqayisə üçün, 2025-ci ildə Fondun büdcəsinin 57 faizinin müxtəlif dövlət qurumlarının saxlanılması və onların göstərdiyi xidmətlərə sərf ediləcəyi gözlənilir.
Bəs, bu vəsaiti kimlər ala biləcək?
Məsələ ilə balı deputat Vüqar Bayramov bildirib ki, bu vəsait əmək müqaviləsi ilə çalışan və qanunla müəyyənləşdirilmiş hallarda iş yerlərini itirən vətəndaşlarımız üçün nəzərdə tutulub. Belə ki, ödəniş dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi, müəssisənin mülkiyyətçisi dəyişməsi, əvvəllər müvafiq işdə çalışan işçinin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması, əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə qayıtmaq hüququndan istifadə etməsi, habelə əmək müqaviləsinin müddəti qurtarması nəticəsində əmək münasibətlərinə xitam verildiyi hallarda vətəndaşa ödənilir.
Bu zaman həmin şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatdan keçməsi vacibdir. Bundan sonra şəxs sığorta ödənişi almaq üçün ərizə və ərizəyə tikilməli olan sənədləri təqdim edir və sığorta ödənişi təyin edilir.
“Müraciət edən şəxsin əmək müqaviləsinin müddətinin qutarmasına görə işdən azad olunursa işsizliyin başlamasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə 24 aydan, hüquqi şəxs ləğv edildikdə və işçilərin sayı və ya ştatları ixtisar edildikdə, müəssisənin mülkiyyətçisinin dəyişməsi və digər hallar ilə əlaqədar hallarda işdən azad olunarsa, işsizliyin başlamasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik olması əsas tələblərdəndir. Ödəniş sığorta stajından asılı olmayaraq, itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır. Həmin məbləğ əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz.
Deməli, qeyd olunan hallarda iş yerlərini itirən vətəndaşlarımız ərizə ilə müraciət edərək işsizlər üçün nəzərdə tutulan vəsaiti ala bilərlər”.