“İşsizin dostu” proqramına cəlb olunanların siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında yerləşdirilib

0
545

Prezident İlham Əliyevin təşəbbüsü ilə bu ilin əvvəlindən həyata keçirilən “İşsizin dostu” proqramı çərçivəsində 40 minədək işsiz və işaxtaran şəxs haqqı ödənilən ictimai işlərə cəlb edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahədə də ictimai açıqlığın təmin edilməsi üçün yeni addım atıb: nazirlik “İşsizin dostu” proqramı çərçivəsində işlə təmin olunan vətəndaşların siyahısını öz rəsmi saytında təqdim edir. Belə ki, artıq http://sosial.gov.az/list-of-persons-involved-in-social-work linkinə daxil olmaqla hər bir şəxs həmin proqram iştirakçılarının siyahısı ilə tanış ola bilər. Siyahı rayon və şəhərlərin hər biri üzrə ayrı-ayrılıqda təqdim olunur.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən  verilən məlumata görə, işsiz və işaxtaran şəxslər proqram çərçivəsində ödənişli ictimai işlərə (sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq, o cümlədən sosial xidmətlərin göstərilməsi və s.) nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən cəlb edilirlər.

İşə qəbul edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanılması onların sosial sığorta sisteminin iştirakçısına çevrilməsinə, gələcək pensiya təminatları üçün fərdi hesablarında pensiya kapitalı formalaşdırmasına imkan yaradıb.