İsrailin İrana hücumu an məsələsidir: Hədəflər müəyyənləşdi, siyahı Netanyahuya verildi

0
36

İsrailin Tehranın raket hücumuna cavab olaraq İranda hədəf alacağı nöqtələri müəyyən etdiyi və cavab tədbirinin an məsələsi olduğu bildirilib.

Bu barədə İsrailin “Kanal 12” televiziyası məlumat verib.

Xəbərdə İsrail ordusunun hədəfə alınması planlaşdırılan nöqtələrin siyahısını Baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Gallanta təqdim etdiyi bildirilib.

“KAN-a” dövlət televiziyasına danışan adı açıqlanmayan bir İsrail rəsmisi “Hədəflər bəllidir. Əks-hücum sadəcə zaman məsələsidir” deyib.

Xəbərdə həmçinin İsrail rəhbərliyinin İrana hücum planının ümumi məlumatlarını ABŞ ilə paylaşdığı, ancaq hansı nöqtələrin hədəf alınacağı ilə bağlı təfərrüatlara yer verilmədiyi bildirilib. İsrailli bir mənbənin hədəflərin son anda dəyişə biləcəyini dediyi də qeyd edilib.

Xatırladaq ki, İran oktyabrın 1-də İsrailə raket zərbəsi endirib. Təl-Əviv rəhbərliyi də İranın bu hücumuna cavab verəcəyini açıqlayıb.