İsrail-HƏMAS müharibəsindən Ermənistan ciddi zərər görəcək – DETALLAR

0
213

İsrail-Fələstin münaqişəsinin tarixi uzun əsrlərə dayanır. Belə ki, elə son yüz ildə biz 3 dəfə – 1947-1949-cu illərdə, 1967-ci ildə və 1973-cü ildə Ərəb-İsrail müharibələrinə şahidlik etmişik. Yəni bu proses davamlı şəkildə gedir.

Bu fikirləri açıqlamasında Yaxın Şərq üzrə mütəxəssis, politoloq Vüqar Zifəroğlu bildirib.

Politoloq hesab edir ki, oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yenidən alovlanması heç də anidən baş verməyib:

“Münaqişə Türkiyə-İsrail, Səudiyyə Ərəbistanı-İsrail yaxınlaşması fonunda baş verdi. Bunu təsadüf hesab etmək olarmı? Əlbəttə ki, xeyr. Bir sıra qüvvələr var ki, Yaxın Şərqdə proseslərin normallaşmasının tərəfdarı deyillər. Onlar qeyd etdiyim hər iki ölkənin Fələstin məsələsinə çox həssas yanaşdığını gözəl bilirlər. Bununla manipulyasiya edərək, qarşıdurmalara təkan verərək, münaqişələrin həll olunması istiqamətində addımların atılmasına mane olmağa çalışırlar”.

Ekspert Yaxın Şərqdəki münaqişənin həllinə maraq göstərməyən qüvvələrin Ermənistanın müttəfiqləri olduğuna da diqqət çəkib: “Münaqişənin Cənubi Qafqaza təsirsiz ötüşüb-ötüşməyəcəyi ilə bağlı proqnoza gəlincə, bəli, Ermənistan bu baxımdan narahatlıq keçirə bilər. Çünki onun tərəfdarlarının sözügedən müharibənin nəticəsi olaraq ciddi zərər görəcəyi istisna edilmir. Bunu İsrail rəsmiləri də bəyan edir”.

V.Zifəroğlu yekun olaraq vurğulayıb ki, İsrail kifayət qədər inkişaf etmiş və modern orduya malik bir ölkədir. Odur ki, yaxın zamanlarda bu müharibənin qarşısı alınmasa, itkilərin artması daha da kütləvi hal alacaq: “Belə bir məqamda isə münaqişənin obyektiv həllinə çalışan bütün ölkələr Türkiyədən nümunə götürməlidirlər. Yəni Yaxın Şərqə sülhün gəlməsi əsas məqsədə çevrilməlidir”.