İyunun 26-da Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə İsmayıllıda təntənəli tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə ehtiyatda və istefada olan zabitlər, Qarabağ müharibəsi veteranları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, hüquq mühafizə və ədliyyə orqanları rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan dərhal sonra Silahlı Qüvvələr təşkil edilib, ölkəmiz işğaldan, xarici müdaxilələrdən, düşmən qüvvələrdən müdafiə olunmağa başlanıb. Xalq Cümhuriyyətinin süqutundan sonra 70 illik bir müddətdə milli ordu, milli silahlı qüvvələr məfhumu yalnız xatirələrdə yaşayıb. Qeyd edilib ki, yalnız ümummilli liderimiz Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gəldikdən sonra ordu quruculuğu prosesi başlanıb. Hazırda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu NATO standartlarına uyğunlaşdırılıb və regionun ən qüdrətli silahlı qüvvələri səviyyəsindədir. Bu gün Azərbaycan arsenalında ən müasir silahlar olan peşəkar orduya malikdir.
Sonra çıxış edən İsmayıllı Rayon Veteranlar Şurasının sədri, istefada olan polkovnik Əlaləm Babayev, SHXÇDX rayon şöbəsinin rəisi polkovnik-leytenant Xamis Bədəlov, rayon məhkəməsinin sədri Rafael Şirinov, ehtiyatda olan zabitlər Əlişir Süleymanov, Hümbət Bəndiyev, İlham Abbasov, veteran jurnalist Lətifə Əliyeva və başqaları rəşadətli ordumuzun şəxsi heyətini, ehtiyatda olan zabitləri əlamətdar gün münasibətilə təbrik ediblər.
Daha sonra bir qrup hərbi vətənpərvərlik təbliğatçısına və hərbi iş fəalına rayon icra hakimiyyətinin təşəkkürnamələri və pul mükafatları verilib.
Qarabağ müharibəsi əlilləri və veteranları arasında keçirilən güllə atıcılığı yarışında I, II və III yerləri tutan Oqtay Əliyevə, Əlişir Məcidova və Kamil Dadaşova Rayon Gənclər və İdman İdarəsinin hədiyyələri, diplomları və medalları təqdim edilib.