İslamabaddan Tehrana ağır zərbə – İranın Pakistana hücumunun əsl hədəfi nədir?

0
199

Yaxın Şərq yenidən “qaynar qazana” çevrilir. 7 oktyabrda Həmasın İsrailə hücumu ilə başlayan Qəzza müharibəsindən sonra İraq, Suriya və Yəməndə İrana bağlı proksi qüvvələr aktivləşdi. Daha sonra İran İraq və Pakistana “terrorçu ovu” adı altında zərbələr endirdi. Və bölgə eskalasiya mərhələsinə qədəm qoydu.

İran İraq və Pakistana hücumu Kirmanda baş verən partlayışlarla əlaqələndirir və bu ad altında legitimlik qazanmağa çalışır. Lakin proseslərin analizi, xüsusilə Həmasın İsrailə hücumu ilə bütün bölgənin yenidən eskalasiya meydanına çevrilməsi təsadüfə bənzəmir. Və məsələ heç də Kirmandakı partlayışla məhdudlaşmır, gerçəkdə İranın birdən çox hədəfi var.

Birincisi, İranın daxili mübarizəsində SEPAH-ın “xarici düşmən” obrazı üzərindən mövqelərini gücləndirməkdir.

İran daxilində post-Xameneyi dövrünə hazırlıq getdiyi, teokratik rejimin saxlanılması şərti ilə hakimiyyətin hərbçilərə ötürülməsi ssenariləri müzakirə edilir. Hərçənd, İran ordusu və SEPAH-ın bu perspektivdə mövqeləri toqquşur. Məhsə Əminin ölümündən sonra İranda başlayan genişmiqyaslı etirazlar təkcə rejimin yox, həm də rejimin “dayağı” sayılan SEPAH-ın mövqelərinin zəifləməsi ilə nəticələndi. Bu situasiyada SEPAH mövqelərini gücləndirməyə, “xarici təhlükə”yə qarşı əsas qalxan kimi yenidən ön plana çıxmağa və post-Xameneyi dövründə bütün ipləri əlinə ala bilmək imkanlarını artırmağa çalışır. Bu hədəfə nail olmaq üçün onlara “xarici təhlükə”nin daxili sabitliyi təhdid etməsi vəziyyətinin yaradılması lazımdır.

– Kirmanda Qasım Süleymaninin anım mərasimində partlayışlar törədilir;
– SEPAH İraq və Pakistanda“terrorçuların “ovuna” çıxır: İranda prezident də daxil olmaqla siyasi elita bu hücumlara görə SEPAH-a minnətdarlıq edir;


Bütün bunlar hazırlanmış ssenarinin tərkib hissəsi kimi görünür, bu baxımdan, Kirmandakı partlayışların törədilməsinə dair də şübhələr ön plana çıxır.

İkincisi, Yaxın Şərqi yenidən “qan çanağına” çevrilməsidir: Qəzza müharibəsi, Qırmızı dənizdə yaranmış böhran, Yəmənə hərbi müdaxilənin aktuallaşması, İraq və Pakistana hücumlar yeni eskalasiya mərhələsinin zəncirvari halqalarıdır. Və əsas məqam bu böhranın məhz Həmasın İsrailə hücumu ilə başlamasıdır. Həmasın hücumunun arxasında İranın dayandığı ehtimalı böyükdür, 7 oktyabr hücumundan təxminən iki həftə öncə qruplaşmanın rəhbərliyinijn Tehranda görüşlər keçirməsi və “İsrail-Səudiyyə Ərəbistan yaxınlaşmasının qarşısının alınması” üzərində müzakirələr aparması da bu kontekstdə diqqət çəkir. Həması hücuma təhrik edən İran:

– İsraillə qarşıdurmada eskalasiyanı yəhudi dövlətinin sərhədlərinə daşıdı;
– Özünə qarşı beynəlxalq müstəvidə aktual olan müdaxilə planlarının təxirə salınmasına nail oldu;
– İsrailin ərəb ölkələri, ümumilikdə İslam dünyası ilə münasibətlərində çatları dərinləşdirdi;


Və İranın bu məqsədinə nail ola bilmək üçün fələstinliləri qurban olaraq seçdiyi həqiqəti baş verənlərin fövqündə fakt olaraq qalır. Qəzzada qanı tökülən dinc insanların qətlində İranın da payının olduğunu əminliklə deyə bilərik. Tehran rejimi Qəzzadan başlanan eskalasiya prosesinin coğrafiyasını İran və Pakistana hücumla genişləndirməyə, bütün bölgəni “qan çanağına” çevirməyə çalışır. Burada İranın iki gizli hədəfinin olduğu da istisna edilməməlidir:

1. Yaxın Şərqin yenidən qaynaq müharibə meydanına çevrilməsi diqqəti İranın üzərindən, daha konkret desək, nüvə proqramından ayıra bilər və Tehranın bu müddətdə uranın zənginləşdirilməsini tamamlamaq niyyəti istisna edilməməlidir;
2. İran bölgədə toqquşmaları genişləndirməklə, proksi qüvvələrini – husilər, Hizbullah, Suriyadakı milis qrupları və s. aktivləşdirmək, onların mövcud olduğu bölgələrdə təsir imkanlarını daha da genişləndirmək istəyir;


İraq və Suriyaya endirilən zərbələrin arxasındakı məqsədlər belə görünür, lakin Pakistana niyə hücum etdilər? Bu sual xüsusilə İslamabad-Tehran xəttindəki münasibətlər fonunda diqqət çəkir və üçüncü ehtimalı önə çıxarır.

Üçüncüsü, Pakistanı münaqişəyə cəlb etmək planıdır.

İranın “terrorçuların məhv edilməsi” adı ilə hücum etdiyi Bəlucistan mütəmadi olaraq, İslamabad və Tehran üçün problemli bölgə olub, lakin tərəflər indiyə qədər həm Pakistan sərhədləri daxilindəki Bəlucistanda, həm də İran sərhədləri daxilində qalan Sistan-Bəlucistanda silahlılara qarşı mübarizədə əməkdaşlıq edirdi. İndi Tehranın Bəlucistana zərbələr endirməsi genişmiqyaslı müharibəyə hesablanmasa belə, Pakistan ətrafında gərginlik yaratmaq məqsədi daşıyır. Burada İranın Pakistanın rəqibi Hindistanla əməkdaşlığı və Bəlucistan bölgəsindən keçən, Dehlinin marağında olmayan nəqliyyat dəhlizlərinə problemlərin yaradılması hədəfi də aydın görünür.

Proseslər göstərir ki, İran maraqlarının təmin edilməsi üçün SEPAH və proksi qüvvələri vasitəsilə Yaxın Şərqi hərbi toqquşmalara sürükləyir.

Və bütün bunların fonunda sual yaranır: ABŞ haradadır, Vaşinqton niyə heç bir cavab vermir?

İran son dövrlər İraq və Suriyada ABŞ mövqelərinə qarşı intensiv hücumlar edir, bundan öncə Ərbildəki ABŞ konsulluğuna da zərbələr endirilmişdi. Tehran rejimi adətən bu hücumları proksi qüvvələri üzərindən həyata keçirir və məsuliyyətdən yayınmağa çalışır. Lakin bu dəfə hücumun birbaşa SEPAH tərəfindən edildiyi elan edildi. Vaşinqton isə yalnız xəbərdarlıqla kifayətlənir. Bunun birdən çox səbəbi var.

– Bir çox hallarda İranın hücumları ABŞ-la gizli şəkildə koordinasiya edilir və eyni məqsədə xidmət edir;
– ABŞ İrana praktiki müstəvidə cavab verməyə cürət etmir, xüsusilə belə bir ssenaridə proksi qüvvələrinin prosesə qoşulması və eskalasiyanın böpyüməsindən çəkinir;

Müxtəlif versiyalar olsa da, nəticə etibarilə İran cəzasızlıq mühitindən istifadə edərək, bölgədə istədiyi kimi “at oynatmağa” cəhd göstərir.

Əslində İranın Pakistana hücumu da məhz indiyə qədər heç bir cavab addımı ilə qarşılaşmamasından qaynaqlanırdı. Tehranda düşünürdülər ki, Pakistanın sərhədlərini pozsalar da, İslamabad bəyanatla kifayətlənəcək, adekvat cavab verə bilməyəcək. Pakistan isə İran ərazisində zərbələr endirərək, adekvat cavabını praktiki müstəvidə verdi.

ABŞ-ın İran qarşısında cürətsiz mövqe sərgiləməsi fonunda Pakistanın zərbələri qətiyyət nümunəsi hesab edilə bilər. Nüvə dövləti olan Pakistan bununla göstərdi ki:

– İranın cəzasızlıq mühitində istədiyini etməsi ilə razılaşmayacaq;
– Pakistan İran üçün İraq, yaxud Suriya deyil, nüvə silahına malik olan qüdrətli dövlətdir və ərazi bütövlüyünə qarşı istənilən addıma göz yummaq niyyətində deyil;


Bu qarşıdurma kimin haqlı, kimin haqsız olduğu aydın görünür. İran beynəlxalq hüququ pozaraq, Pakistanın ərazisinə hərbi müdaxilə edib və bunu “terrorçulara hücum” kimi təqdim etsə də, arxasında siyasi oyunların olduğu bəllidir.

Tehran-İslamabad toqquşması Azərbaycan üçün də önəmlidir, təkcə ona görə yox ki, biri qonşu, digəri dost ölkədir, həm də bir tərəfdə tarix boyu işğalçı Ermənistanı dəstəkləyən İran var, digər tərəfdə, Qarabağın işğalda olduğu müddətdə işğalçını qəbul etməyən, 44 günlük Vətən müharibəsində yanımızda olan Pakistan.

İranın 90-cı illərdə Azərbaycan torpaqlarının işğalına dəstək verdi. 44 günlük müharibə və sonrasında da işğalçı Ermənistanı açıq şəkildə dəstəklədi. Ermənistana görə Azərbaycan sərhədinə qoşun topladı, erməni maraqlarını “qırmızı xətti” elan etdi, separatçılar Xankəndində qalanda onlara müxtəlif vasitələrlə dəstək göstərdi. Hətta Bakıya qarşı təzyiq siyasətinin bir hissəsi olaraq, Tehranda Azərbaycan səfirliyinə qarşı terror aktı törədildi. Terror aktının hələ də araşdırılmaması, terrorçunun cəzalandırılmaması bu hücumun arxasında İran rejiminin dayandığı fikrini hər keçən gün daha da gücləndirir. Bütün bunları nə Azərbaycan dövləti, nə də xalqı unutmayıb. Azərbaycan dövləti və xalqı Pakistanı, bu ölkənin işğalçı Ermənistanı dövlət kimi tanımamasını, 44 günlük müharibədə sona qədər bizə dəstək verməsini də unutmayıb.

Azərbaycan xalqı haqlı olaraq, bu qarşıdurmada Pakistanın yanındadır, həm də haqlı olan da bu ölkədir.