İşinizdən bezmisiniz?

0
322

Çox tez-tez belə vəziyyətlə rastlaşırıq: insan həvəslə hansısa bir işə başlayır, tam fədakarlıqla çalışır, sonra birdən-birə ruhdan düşür.

Ətraf onun üçün əhəmiyyətsiz olur və passivlik, laqeydlik yaranır. İnsan daxilində bir boşluq hiss edir. Qarşısına qoyduğu məqsədlər belə maraqsız olur. Mütəxəssislər bu prosesi “emosional yanma sindromu” adlandırırlar. Ümid edirik ki, bizim məqaləmizi oxuyaraq bu prosesin öhdəsindən gəlməyi bacaracaqsınız.

Yanma sindromu deyəndə insanda emosional, zehni və fiziki yorğunluqla müşahidə olunan psixi proses nəzərdə tutulur. Yanma sindromu hansı hallarda baş verə bilər:
1. İş statusunda heç bir dəyişikliyin olmaması (işin monoton olması, əmək haqqının azlığı).
2. Müsbət nəticələri dəyərləndirməmək. İşə çoxlu enerji sərf etmək.
3. Gərək olmayan tənqid. İş yerindəki həmkarlar tərəfindən yetərincə dəstəyin olmaması və yaşanan konflikt, narahatlıqlar, pozulmuş münasibətlər.
4. İşdə özünü ifadə üçün kifayət qədər şəraitin olmaması. Həvəsləndirmə yerinə təzyiqin göstərilməsi.
5. Qarşıda qoyulan məqsədə çatmaq üçün həddindən artıq yüklənmə.
6. Gələcəyə aid perspektivlərin görünməməsi.
7. İş və şəxsi həyat arasında tarazlığın pozulması və s.

Beləliklə, emosional yanma sindromunun yaranma səbəbləri 2 qrupa bölünür: subyektiv (fərdi xüsusiyyətlər), obyektiv (situativ faktor). Subyektiv faktor: insanın şəxsi xüsusiyyətləri, həyatı dəyərlər sistemi, fərdi psixoloji müdafiə mexanizmləri, əqidə, yaş, ailə üzvləri və həmkarları ilə qarşılıqlı münasibətlər və s.

Adətən cavan kadrlar emosional yanma sindromuna daha çox məruz qalırlar. Obyektiv faktor birbaşa xidməti vəzifələrlə bağlıdır: peşəkar yüklənmənin artımı, vəzifə borclarının aydın dərk edilməməsi.

Uzun sürən və həddindən artıq funksional yüklənmə nəticəsində şəxsiyyətlər arasında münasibətlərin gərginləşməsi emosional yanma sindromunun formalaşmasına təkan verir. Emosional yanma sindromu kommunikativ peşələrin nümayəndələri üçün xarakterikdir, “insan-insan” – peşə tipinə aiddir. Bu sindromun formalaşması tədricən baş verir. Əsas üç mərhələdən ibarətdir:
1. Emosional tükənmə – peşəkar yanmanın birinci mərhələsidir. Gərginlik, ümümi emosional fonun zəifləməsi. Qeyri-iradi davranış, boşluq hissi, ətrafdakılara laqeyd münasibət ilk növbədə peşəkar fəaliyyətinə təsir göstərir. İnsan bu dəyişiklərə çox vaxt diqqət yetirmir.
2. İkinci mərhələdə insanda qıcıqlanma, acıq hissləri yaranmağa başlayır. Ünsiyyətə olan təlabat aşağı düşür, insanlar arasında münasibətlərin deformasiyası yaranır. Neqativ fikirlər artır, gündəlik ünsiyyətdə nəinki əməkdaşlara, həm də müştərilərə qarşı sünilik müşahidə olunur.
3. Üçüncü mərhələdə peşəkar motivasiyanin enməsi, məsuliyyətin öz üzərindən atılması müşahidə olunur. İnsan tənhalığa can atır, həyata qarşı marağı azalır. Daim gücsüzlük hiss edir.

Yanma sindromuyla onun birinci əlamətləri aşkar edilən kimi dərhal mübarizə aparmaq lazımdır. Mübarizə aparmadıqda vəziyyət ağırlaşır və onda psixoloqun köməyi olmadan keçinmək çətin olur.

Sizə kiçik bir çalışmanı etməyi təklif edirəm: bir vərəq götürüb iki hissəyə bölün. Birinci hissədə sizə sevinc gətirən amilləri, ikincidə isə bununla bağlı keçirdiyiniz müsbət emosiyaları qeyd edin. Əgər birinci hissədə siz cəmi 3 sevinc gətirən amili yazdınızsa, onda bu sizin həyata münasibətinizin dəyişdirilməsinə işarədir. Ümidinizi itirməyin, sadəcə monoton həyat tərzinizi dəyişin: kinoya gedin, səyahət edin, öz həvəslərinizə vaxt ayırın. İş prosesinə isə rəngarənglik qatın.

Bundan başqa, neqativ emosiyaların öhdəsindən gəlməyi öyrənmək əhəmiyyətlidir. Vərəq götürüb eninə və uzununa (hər tərəfdən) şəkil çəkin, bütün neqativ enerjini tökün, sonra vərəqi cırıb zibil səbətinə atın. Bu niyə lazımdır? Emosiyalar heç yerə yox olmur. Biz onları ya dərində gizlədirik, ya da bizi əhatə edənlərə sıçradırıq. Yığdığınız neqativ emosiyaları kağızda əks etdirin.

Yanma sindromunu aradan qaldırmaq üçün başqa metodlardan da istifadə etmək olar:
1. Fiziki yüklənmə – autotreninq, gündəlik gimnastika, kimə isə qaçış və ya müasir rəqslər çox gözəl təsir göstərir.
2. İstirahət. İstirahətsiz effektiv iş mümkün deyil.
3. Sağlamlığı qorumaq: yuxu rejimi, düzgün qidalanma və s. bu kimi hallara riayət etmək.
4. Bütün situasiyalarda qalib gəlməyin mümkün olmamağını qəbul etmək. Bu aqressivliyi və özünə güvən hissinin aşağı düşməsinin qarşısını alır.
5. Özünü qiymətlənməndirməli yalnız ətrafın diqqətinə görə aparmamaq. İşdə müsbət nəticələr əldə etmək üçün yetərincə vaxt ayırmağı bacarmaq.
6. Unutmayın ki, sizin işiniz – bütün həyatınız deyil. Onu sizin həyat kinolentinizin kiçik bir fraqmentinə aid edin.

Mən sizə bütün çətinliklərə baxmayaraq, daxili harmoniyanızı qorumağı arzulayıram. İş həyatımız hər halda müvəqqəti olur. Sinir sistemimiz isə həmişəlik bizimlədir. Onu qorumağa çalışın.

Aygün Ağabalayeva, Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu