İşığa doğru…

0
53

İşığa məhəbbət dünyaya göz açdığımız vaxtdan başlayıb. 9 ay ana bətnində yatdığımız qaranlıq dünyadan sonra işıqlı dünyaya can atmışıq. Nağıllarda “it hürənə yox, işıq gələnə” üz tutub Divlə üzləşsək belə… İşıq həyatdır, işıq sabahdır, gələcəkdir. Harda işıq varsa, orda həyat var, ümid var…İşıq həmişə özünə çəkir – lap tunelin o başında olsa da…

İşıq həyatın özüdür və insan fəaliyyətində əsas rol oynayır. İşığın öyrənilməsi perspektivli alternativ enerji mənbələrinə, xəstəliklərin diaqnostikası və müalicəsi texnologiyalarında əhəmiyyətli tibbi irəliləyişlərə, yüksəksürətli internetin yaradılmasına, cəmiyyətdə inqilaba və kainat haqqında anlayışı formalaşdıran bir çox başqa kəşflərə gətirib çıxarıb. XX əsrin əvvəllərində işığın xassələri ilə bağlı əsrlər boyu aparılan fundamental tədqiqatlar yeni texnologiyaların yaranması ilə nəticələnib.

Kiçik dövlət hesab olunan ailədə, evdə də işığa ehtiyac var. İşıqsız yaşamağın mənası olmazdı…Necə ki, şair deyib:

İşıq gəlməyəndə pəncərələrdən
Qəlbimdə parlayan işıq da sönür.
Evə yaxınlaşmaq istəmirəm mən
Hər tərəf gözümdə zülmətə dönür.

Onu hər yerdə axtarırıq – sübh tezdən dan yerində, dünyamıza nur ələyən Günəşdə, zülmətdə şaqqıldayan ildırımın çaxmasında, kəhkəşana uzanan süd yolunda, qaranlıq komada lampanın yanmağında…

Çox vaxt insanın üzündə, çöhrəsində, əməlində də işıq axtarırıq. İşıqlı insanlar dünyanı işıqlı gələcəyə aparır. Beşinci ildir ki, günəşli Azərbaycanda çöhrələri uzun illərdən bəri həsrətində olduğumuz Zəfər işığı da nurlandırır.

Çinlilərin bir sözü var: Qaranlığı söyməkdənsə özün bir şam yandır! Bu gün Beynəlxalq İşıq Günündə ən gözəl diləklər də işıqla bağlıdır: Yolunuz işıqlı olsun! İşığınız gur yansın! Evinizdən, ömrünüzdən, üzünüzdən işıq əskik olmasın!

Süleyman Qaradağlı