Azərbaycanın dövlət büdcəsi çərçivəsində müdafiə xərcləri üçün ayrılan vəsait müharibənin xərclərini qarşılayır.
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı mətbuat konfransında deyib.
O vurğulayıb ki, işğaldan azad olunan ərazilər hesabına Azərbaycan iqtisadiyyatına böyük dövriyyə cəlb olunacaq. Bununla da bu gün Azərbaycan ordusu Azərbaycan iqtisadiyyatını dəstəkləyir:
“Çox böyük miqdarda torpaq resursları, su resursları, meşə resursları, filiz ehtiyatları Azərbaycan Respublikasının dövriyyəsinə cəlb olunacaq. İşğal edilmiş ərazilərimizdə 155 adda filiz ehtiyatları var. İlkin hesablamalara görə, qızıl ehtiyatlarının həcmi 132,4 tondur. Bu ehtiyatların həcmi 8 milyard ABŞ dolları edir. Eyni zamanda, metallurgiyanı və dağ-mədən sənayesiniinkişaf etdirməklə ölkə iqtisadiyyatına milyardlarla dollar əlavə gəlir gətirəcək. Həmçinin, torpaqlarımızın işğaldan azad edilməsi ilə 240 min hektar kənd təsərrüfatına yararlı torpaq dövriyyəyə cəlb ediləcək. İlkin vaxtlarda Kəlbəcər, Laçın və Yuxarı Qarabağ iqtisadi rayonlarının ölkə iqtisadiyyatına 2 milyard dollardan artıq əlavə dəyər qatacağı gözlənilir”.
İndiki dövrdə manatın devalvasiyası ehtimalına da toxunan Mərkəzin rəhbəri qeyd edib ki, ölkənin icmal büdcəsində, dövət büdcəsində, tədiyyə balansında və cari əməliyyatlar balansında Azərbaycan manatının kursuna təhdid yaradan hər hansı bir məsələ yoxdur.