Ağdamda Milli Şəhərsalma Forumu keçirilir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov işğaldan azad edilmiş ərazilərdə məskunlaşma qruplarının iyerarxiyası, infrastrukturun yaradılması, yol-nəqliyyat xətlərinin inkişafı haqqında məlumat verib.
O qeyd edib ki, gələcəkdə Ağdamdan Ağcabədiyə dəmiryolu xəttinin çəkilişi və bunun Horadiz-Ağbənd dəmiryolu xəttinə inteqrasiyası nəzərdə tutulur.
Komitə rəsmisi qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin texniki-iqtisadi göstəriciləri aidiyyəti qurumlarla hazırlanıb.
“Biz Qarabağ və Şərqi Zəngəzur üzrə rayonların, şəhərlərin baş planlarını hazırlayırıq. Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərin baş və müfəssəl planları hazırlanır”, – deyə o əlavə edib.
Qeyd edək ki, BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) tərəfindən hər iki ildən bir Ümumdünya Şəhər Forumu keçirilir.
UN-HABITAT “Yaşayış məskənləri və dayanıqlı şəhər inkişafı” üzrə birinci konfransın (I HABITAT konfransı) nəticəsi olaraq 1978-ci ildə BMT qurumu kimi yaradılıb. Təşkilatın baş qərargahı Keniyanın paytaxtı Nayrobidə yerləşir. UN-HABITAT-ın icraçı direktoru malayziyalı xanım Maimuna Mohd Şərifdir. Xanım Maimuna Mohd Şərif 2022-ci ilin martında ölkəmizdə səfərdə olub, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. Səfər çərçivəsində icraçı direktor işğaldan azad edilmiş Ağdam şəhərində olub.
UN-HABITAT 90-dan çox ölkədə müxtəlif sahələr üzrə layihələr həyata keçirir. Bu layihələr şəhər qanunvericiliyi, torpaq və idarəçilik, şəhər planlaşdırılması, şəhər iqtisadiyyatı, şəhərlərdə əsas xidmətlər, mənzil şəraitinin yaxşılaşdırılması, risklərin azaldılması və reabilitasiya məsələlərini əhatə edir.
UN-HABITAT donorların dəstəyi ilə dünyanın bir sıra ölkələrində münaqişələrdən sonrakı dövrdə bərpa-quruculuq işlərinə dəstək göstərir. 2009-cu ildə Şri-Lankadakı münaqişənin başa çatmasından sonra UN-HABITAT 31 min ailənin dağılmış evlərinin bərpasını və 420 min köçkünün həyat şəraitini yaxşılaşdıran infrastruktur layihələrini reallaşdırıb. Oxşar fəaliyyət 2019-cu ildə İraqda da həyata keçirilib.
Bu il iyunun 27-də Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edən Prezident İlham Əliyev bəyan etmişdi ki, Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır.
Ağdamda bu gün işə başlayan “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postkonflikt dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu Azərbaycan ilə UN-HABITAT arasında sıx əməkdaşlığın nəticəsidir.
Tədbirdə 44 ölkədən olan nümayəndələr iştirak edirlər.