“Əməkdaşlığımız keçmişdəkindən daha da güclü olmaq üzrədir. Biz bir çox fəaliyyət sahələrində – infrastrukturun inşası, ticarət, neft və qaz, transmilli layihələr, İraqa investisiyalar, eləcə də turizm və təhsilin, həmçinin iki ölkə üçün çox əhəmiyyət kəsb edən sahələrin təşviqi ilə bağlı əməkdaşlıq edə bilərik”- bu barədə İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatı zamanı bildirib.
İraq prezidentinin Azərbaycana səfəri zamanı müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanmış 4 sənəd – əmək və sosial işlər nazirlikləri arasında əməkdaşlıq haqqında, turizm sahəsində əməkdaşlıq haqqında, Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında anlaşma Memorandumları, həmçinin hava əlaqəsi haqqında saziş imzalanıb. Sazişlərin spektri yetərincə genişdir.
Hələ ilin əvvəllərində İraq-Azərbaycan əlaqələri haqda yazılarımızda qeyd edirdik ki, İraqın öz təbii qazını Avropaya ixrac etmək üçün Azərbaycanın təşəbbüsçüsü olduğu xətlərə qoşulması imkanlarının müzakirə edilməsi ehtimalı var. Onu da qeyd etmişdik ki, İraq da öz növbəsində Azərbaycan üçün Ərəb (Bəsrə) körfəzi ölkələri ilə əməkdaşlıq üçün alternativ marşrut ola bilər.
İyulda İraq-Azərbaycan əlaqələrinə həsr etdiyimiz yazılarda regionda aparıcı dəhlizlər uğrunda mübarizəyə İraqın da qoşulduğunu qeyd etmişdik. O zaman İraq baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn Azərbaycan Rabitə, nəqliyyat və yüksək texnologiyalar naziri, İraq-Azərbaycan birgə komissiyasının həmsədri Rəşad Nəbiyevlə görüşdə coğrafi, dini, mədəni yaxınlığına, uzun tarixə dayanan çoxtərəfli əlaqələrinə görə Azərbaycanın İraq üçün vacib ölkə olduğunu bildirmiş, müxtəlif sahələrdə çoxlu imkanlardan yararlanmağın vacibliyini vurğulamış, azərbaycanlı iş adamlarını İraqa səfər etməyə və investisiya yatırmağa çağırmışdı.
Diqqətimiz çəkən isə İraqın ucqar cənubundakı Əl-Fau limanından başlayaraq Türkiyəyədək uzanan “İnkişaf yolu”nun əhəmiyyətini, bu yolun Azərbaycan üçün də bir fürsət olacağını qeyd etməsi idi. İraq vasitəsilə Bəsrə körfəzinə çatmağın mümkünlüyü, Bəsrədən keçən dəmir yolu əlaqəsi ilə bağlı İranla anlaşma memorandumu olduğu da xatırladılırdı.
Tərəflər mümkün qədər tez müddətdə Bağdad və Bakı arasında birbaşa aviareyslərin, Ərbillə Bakı arasında ikinci reysin açılmasının, eləcə də Azərbaycana səfər etmək istəyən İraq vətəndaşlarına giriş vizalarının verilməsinin zəruriliyini vurğulayırdılar.
Qeyd etmişdik ki, təşəbbüs reallaşarsa, Azərbaycanın yalnız körfəzdəki ərəb ölkələri ilə deyil, İranın cənub vilayətləri ilə də yükdaşımaları bu yol vasitəsilə həyata keçirə bilər. Həm də Çin və İraq arasında nəqliyyat və enerji sektorlarında sıxlaşan əlaqələri nəzərə alsaq, Çin yüklərinin Azərbaycan və digər Qafqaz ölkələrinə, həmçinin Rusiya, Türkiyə və Avropaya daşınması üçün də alternativ yol əldə edilmiş olur. Turizm sahəsində anlaşmalar azərbaycanlı zəvvarların İraqın müqəddəs şiə ziyarətgahlarını İran marşrutundan istifadə etmədən ziyarətinə, demək, həm də dindar icma üzərində İran təsirinin azalmasına kömək edəcəyini də qeyd etmişdik. İraq mediasının məlumatına görə, artıq yalnız Azərbaycandan deyil, Gürcüstan və Türkiyədən də birbaşa İraqa gəlməklə ziyarətə gedənlərin sayında artım var.
Xatırladaq ki, Bağdadda may ayında regionun 10 ölkəsinin nəqliyyat nazirləri və nümayəndələrinin iştirakı ilə strateji “İnkişaf Yolu” layihəsini elan etmək üçün konfrans keçirilib. 17 milyard dollar dəyərində olan layihəyə Fau limanından Türkiyə ilə sərhədə və oradan Avropaya yüküdaşımalarını təmin etmək üçün dəmir və avtomobil yollarının genişləndirilməsi daxildir. Layihə Asiya və Avropa arasında səyahət vaxtlarını qısaltmaqla ölkəni tranzit mərkəzinə çevirəcək və Süveyş kanalı ilə rəqabət aparacaq. İraq hökuməti yerli sənaye və enerji mərkəzlərinə xətlərin uzadılması ilə yanaşı, saatda 300 kilometrə qədər sürətlə hərəkət edən yük və sərnişin qatarları istifadəyə verməyi nəzərdə tuturdu. Planlara əsasən, İraqı qonşu ölkələrlə birləşdirən 1,2 min kilometrdən çox dəmir yolu və avtomobil yolları modernləşdiriləcək.
Bu il fevralında isə Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşü haqda təhlilimizdə qeyd etmişdik ki, əməkdaşlığın sıxlaşdırılmasını zəruri edən səbəb siyasi deyil, iqtisadidir, bu əməkdaşlıqdakı üçüncü tərəf isə Türkiyədir. Əməkdaşlığı zəruri edən iqtisadi amillər arasında ən mühümü Azərbaycanın və İraqın Avropanın enerji təchizatındakı iştiraklarını uzlaşdırmaq idi. İraqın neft-qaz ehtiyatlarının Avropaya daşınması üçün Azərbaycanın əsas iştirakçı olduğu TAP layihəsinə qoşulma mümkünlüyünü qeyd etmişdik.
Azərbaycanın “İnkişaf yolu”, İraqın isə “Cənubi qaz dəhlizi” layihələrinə qoşulmaları hər iki ölkəni nəqliyyat-dəhliz imkanlarını vahid sistemdə birləşdirməyə, yük daşımaları və enerji təchizatı ilə bağlı mübarizədə üstün mövqe qazanmağa kömək edir.
İraq mediası yalnız Ərbilə deyil, Bağdada və ölkənin digər regionlarına da birbaşa uçuşların həyata keçirilə bilməsini yazırdılar. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 29 milyon dollar təşkil edib ki, bu da iki ölkənin imkanları ilə müqayisədə çox kiçik məbləğdir, Azərbaycan 28 milyon dollarlıq məhsul ixrac edib. İraqdan yarım milyon ABŞ dolları dəyərində məhsul idxal edilib.
Bu arada İran mədən sənayesinə bağlı “Otağ” düşüncə mərkəzinin hazırladığı hesabatda deyilir ki, İranda və onun hüdudlarından kənarda bəzi analitiklər Zəngəzur dəhlizini İranın şimal sərhədlərinə, Rusiyanın cənubuna və qərbi Çinə çıxış üçün NATO intriqası kimi görsələr də, NATO-nun genişlənməsindən ən çox narahat olan Rusiya dəhlizi təhlükə görmədiyini nümayiş etdirir.
Bu hesabata görə, Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan və Naxçıvanı birləşdirməyin İran iqtisadiyyatına mənfi iqtisadi təsiri çox şişirdilib. “Enerji sektorunda İranın neft ixracının böyük hissəsinin cənubdan gəldiyini və dəhlizin tikintisinin Türkiyənin İrandan qaz idxalına ciddi təsir etməyəcəyini nəzərə alsaq, enerjinin geoiqtisadiyyatında böyük dəyişikliklər olmayacaq”- deyə hesabatda bildirilir. Tranzit sektorundakı dəyişikliklərlə bağlı hesabatda belə qənaətə gəlinir ki, dəhlizin tikintisi İrandakı vəziyyətə böyük təsir göstərməyəcək, baxmayaraq ki, dəyişiklik Rusiya və Türkiyəni bir-birinə yaxınlaşdıracaq. Qeyd olunur ki, Azərbaycanın geosiyasi mövqeyinin yaxşılaşması İranın təhlükəsizliyini həssas edə bilər. Lakin Azərbaycanın iqtisadi inkişafı İranın şimal sərhədində böyük bazar yarada və İran iqtisadiyyatına fayda verə bilər. Buna görə də İranla Azərbaycan arasında münasibətlərin yaxşılaşdırılmasına ehtiyac var.
Azərbaycanın qonşularla qarşılıqlı fayda prinsipinə söykənən əməkdaşlıq siyasətinin tədricən uğur qazandığını təsbit etmək olar. Təqdim edilmiş hesabat İranın sadəcə “Araz yolu” layihəsini deyil, Zəngəzur dəhlizini də qəbul edəcəyini göstərir. İraqla Azərbaycan arasında anlaşmalar, Azərbaycanın Ərəb (Bəsrə) körfəzi ölkələrinə İrandan yan keçməklə çıxış imkanları nəzərdən keçirməsi isə ölkəmizin yükdaşımalarla bağlı alternativlər, fərqli seçimləri həmişə masa üzərində saxlaması, hər hansı tərəfin tranzit yollarından bizə qarşı təzyiq olaraq istifadəsinə yol verməyəcəyinə işarə kimi izah oluna bilər.