Məlum olduğu kimi, İranda keçirilən növbədənkənar prezident seçkilərinin ikinci turunda islahatçıların təmsilçisi Məsud Pezeşkian səslərin 53,3 faizini qazanaraq qalib gəlib. O, İranın sayca doqquzuncu prezidenti olub.
Dünyanın gündəmində olan keçmiş ürək cərrahı Pezeşkian barəsində bəzi məqamları təqdim edirik.
Pezeşkian 1954-cü il sentyabrın 29-da Məhabadda etnik azərbaycanlı ailəsində dünyaya gəlib. 1973-cü ildə diplom əldə edən iranlı siyasətçi Zabol şəhərinə hərbi xidmətə yollanıb. O, səhiyyə ilə məhz bu dövrdə maraqlanmağa başlayıb. Xidməti başa vurduqdan sonra anadan olduğu vilayətə geri qayıdıb və tibb universitetində təhsil alıb.
Siyasətçi 1980-1988-ci illərdə İran-İraq müharibəsi zamanı tez-tez ön cəbhədə olub, tibbi briqadaların göndərilməsinə görə məsuliyyət daşıyıb və həkim işləyib. Müharibədən sonra isə Təbriz universitetində ümumi cərrahiyyə ixtisası üzrə təhsilini davam etdirib. Ürək cərrahı ixtisasına yiyələnən Məsud 1994-cüildə Təbriz Tibb Elmləri Universitetinin prezidenti olub və bu vəzifəni 5 il icra edib.
O, 2001-2005-ci illərdə səhiyyə naziri, 2016-2020-ci illərdə isə parlamentin vitse-spikeri olub. Peşezkian 2013-cü ildə keçirilən seçkilərdə iştirak etsə də, daha sonradan namizədliyini geri götürüb. 2021-ci ildə isə seçkilərdə iştirakına icazə verilməyib. Yeni prezident İran rəhbərliyini tənqid etməsi ilə tanınır. Belə ki, o, ölkənin ABŞ ilə münasibətlərinin normallaşdırılmasının, eləcə də İranda qadınların azadlığının tərəfdarıdır. Ekspertlərin fikrincə, Pezeşkianın qələbəsi İranda müxalifətin artacağından xəbər verir. Belə ki, siyasətçi ölkənin sərt siyasətini tənqid etməyə hazır olduğundan əhali arasında dəstəyə nail olub.
Şəxsi həyatına gəldikdə isə, qeyd edək ki, Pezeşkianın həyat yoldaşı ginekoloq olub. Siyasətçinin yoldaşı və övladlarından biri 1993-cü ildə avtomobil qəzasında həlak olub. O, digər 2 oğlu və 1 qızını tək böyüdüb və sonradan evlənməyib. Onun qızı Zəhra Pezeşkian kimya üzrə magist dərəcəsinə sahibdir.
Onu da xatırladaq ki, İranın yeni prezidenti sosial şəbəkələrdə bir müddətəvvəl yayılan müsahibəsində ailəsində hərkəsin türkcə danışmasından bəhs edib. Pezeşkian jurnalistin “Siz türksünüz yoxsa, kürd?” sualına belə cavab verib: “Mən Azərbaycanda, Məhabadda dünyaya gəlmişəm. Evdə uşaqlarıma əvvəldən fars dilində danışmağa icazə verməmişəm. Əvvəldən türk dilində danışmışıq. Qətiyyətlə demişəm, mən türkəm. Atam da türkdür, anam da. Türk olmağımla fəxr edirəm”.