İranın ŞOK HƏDƏFİ: Bakı buna hazır olmalıdır! – Türk generaldan XƏBƏRDARLIQ

0
166

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum həyata keçirən terrorçunun fəaliyyətinə baxıldığı zaman onun sıradan biri olmadığı çox açıq və aydın şəkildə görünür. Hücumun planlanması, avtomobilindən düşmə forması, oradakı iranlı mühafizə polisi ilə olan dialoqu onun çox peşəkar bir terrorçu olduğunu göstərir. Bu cür faktlar göz önündə olduğu halda, Tehranın olayı məişət zəminində baş vermiş hadisə kimi gülünc iddia ilə ört-basdır etməyə çalışması qəbuledilməzdir”.

Bu sözləri Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauzdeyib.

Onun sözlərinə görə, İran hökuməti səfirliyimizə hücum edən terrorçunun bütün bağlantılarını, daha öncə haralarda olduğuna, hansı vəzifələri yerinə yetirdiyinə, kimin üçün çalışdığına dair məlumatları, rəsmi və qeyri-rəsmi fəaliyyətlərini ortaya çıxarmalıdır:

“Terrorçunu ən qısa zamanda mühakimə edib ona ən yüksək cəzanı vermək lazımdır. İran hökuməti bunu etmək əvəzinə, hadisənin terror mahiyyətini, terrorçunun əlaqələrini və kimə (kimlərə) bağlı olduğunu ortaya çıxarmaq yerinə, olaya ailə-məişət zəminində baş vermiş hadisə kimi bəsit don geyindirməyə çalışır. Bu isə Tehrana heç bir fayda gətirməyəcək. İran dövlətinin normalda üzr istəmək kimi bir xüsusu yoxdur, üzr də istəməyəcəklər. Lakin gec də olsa İran prezidentinin Azərbaycan dövlət başçısı İlham Əliyevə zəng etməsini üzr hesab etmək olar. Lakin bütün bunlara baxmayaraq, bu hadisə bütün ünsürləri ilə bərabər açıq-aşkar terror fəaliyyətidir”.

General bildirib ki, İran bütün dünyaya qarşı terror siyasəti nümayiş etdirir:

“İranın terrorla olan bağlılığı, terror fəaliyyətləri bu günün məsələsi deyil. İranın siyasi və ideoloji bir hədəfi var. Bu hədəf illərdir ki, dəyişmir. İraq-İran müharibəsi də daxil olmaqla, Tehranın öz təsir və maraq dairəsində siyasi “şiə hilalı” adlı bir hədəfi var. İran “şiə hilalı”nı reallaşdırmaq üçün bəzən açıq, bəzən isə qapalı şəkildə təsir dairəsində fəaliyyət göstərir. Bura Yəməni, Suriyanı, İraqı, Azərbaycandakı və Tacikistandakı fəaliyyətlərini də əlavə edə bilərik. Dolayısı ilə bu hədəfini reallaşdırmaq üçün siyasət yürüdən molla rejimi dünyadakı yalnızlığını, blok edilməsini bu formada konsolidasiya etməyə, xalqını bir arada tutmağa çalışır. Artıq bunun uyğunsuz və davam etdirilməsi mümkün olmayan bir yol olduğunu anlamaları lazımdır”.

İrandakı səfirliyimizin fəaliyyətinin qeyri-müəyyən vaxtadək tam dayandırılmasından danışan Yücel Karauz qeyd edib ki, bu, çox düzgün və yerində atılan addımdır:

“İranın ölkədəki səfirliklərə qarşı məsuliyyətini yerinə yetirməmiş olması kontekstində atılan bu addım, həm də Tehrana mesajdır. Təbii ki, bundan sonra Təbrizdə fəaliyyət göstərən konsulluğun təhlükəsizliyinə diqqət etmək lazımdır. Eyni zamanda, İranda yaşayan Azərbaycan vətəndaşlarına qarşı təxribat törədilə bilər, bununla bağlı da gözüaçıq olmaq lazımdır. Əsas məsələlərdən biri də 1991-ci ildən bu günə qədər İranın təsir agentinə çevrilən, Azərbaycana yerləşmiş, burada ailə həyatı quran, normal həyat fəaliyyəti sürdürən casuslara qarşı diqqət etmək lazımdır. İran, Azərbaycan torpaqlarına hücum edə bilməyəcəyinə görə, bundan sonrakı hadisələr təxribat yönümlü, kiber texnologiyalardan istifadə edilərək həyata keçirilə biləcək terror fəaliyyətlərindən ibarət olacaq. Hesab edirəm ki, əsas diqqət yetirilməli olan məsələ Azərbaycanın daxilindəki İran agentlərinin nəzarət altına alınması və təsirsiz hala gətirilməsidir. Hazırda da bu proses başlayıb və xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda “din pərdəsi” altında təxribat və pozuculuq əməllərini həyata keçirən İran casusları tutulur”.