İranın qaçdığı 3+3: Azərbaycana qarşı növbəti xəyanət hazırlığı

0
296

Hazırda həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada ciddi geopolitik proseslər gedir. Son zamanlar bölgədə tutduğu siyasi xəttin nəticəsi olaraq İranın mövqeyinin zəifləməsi fonunda Türkiyənin nüfuzunun daha da artdığının şahidi oluruq. Eyni zamanda hərbi müttəfiqlik səviyyəsində Azərbaycan-Türkiyə tandemi yaranıb ki, bu da bir sıra dövlətləri ciddi narahat etməkdədir. Narahat olanlar arasında İranın adını ilk sırada çəksək, yanılmarıq. Rəsmi Tehranın Ermənistana ünvanladığı rəngbərəng “dost” təklifləri də sübutun gizlində olmadığını göstərir.

Bunu xüsusi vurğulamalıyıq ki, Cənubi Qafqaz regionunun geopolitik, geostrateji və geoiqtisadi perspektivləri Azərbaycanda müəyyən edilib. Ötən il Bakıda Zəfər Paradında iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqazda genişmiqyaslı əməkdaşlıq üçün “3+3” formatını gündəmə gətirmişdi. O, bu formatın regionun siyasi-iqtisadi inkişaf perspektivləri baxımından, ən optimal əməkdaşlıq modeli ola biləcəyini vurğulamışdı. Lakin təəssüf ki, “3+3” formatı nə qədər cəlbedici əməkdaşlıq modeli olsa da, buna qarşı çıxanlar var.

Və yenə də ilk sırada İran gəlir. Rəsmi Tehran əlindən gələni edir ki, bölgədə nəzərdə tutulan iqtisadi layihələr gerçəkləşməsin, Ermənistan-Azərbaycan münasibətləri yaxşılaşmasın, Zəngəzur dəhlizi açılmasın. Bunun üçün də Azərbaycana qarşı heç bir dəlil-sübuta söykənməyən ittihamlar irəli sürür, insanlarımız arasında ikitirəlik yaratmağa çalışır.

Bütün atılan böhtanlara baxmayaraq, rəsmi Bakı təmkinini pozmur, qonşuluğu, ortaq tarixi kökləri unutmur, ittihamlara yüksək diplomatik etika, ciddi arqumentlərlə cavab verir.

Bəs Azərbaycanın İrandan istədiyi nədir?

Bu sualın cavabı prezident İlham Əliyevin son günlər verdiyi bütün müsahibələrdə var.

Ölkə başçısı oktyabrın 7-də İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində bildirir ki, sabiq prezident Həsən Ruhaninin dövründə İran hökuməti münasibətlər ən yüksək səviyyəyə olub. Enerji, nəqliyyat, mədəni inkişaf, təhlükəsizlik sahələrində bir çox sazişlər imzalanıb. İranın yeni hökumətinə, yeni Prezidentinə də dostluq mesajı ünvanlanıb. Ondan xahiş edilib ki, Qarabağda İran biznesmenləri tərəfindən aparılan qeyri-qanuni biznes fəaliyyətinə diqqət yetirsin: “Biz İran hökumətini ittiham etmək mövqeyində deyildik. Biz anladıq ki, bunu bəzi özəl şirkətlər edir. Lakin biz bunun dayandırılmasını xahiş etdik. Cavab olaraq nə baş verdiyini hər kəs görür. Nəticədə nəyə nail olduq? Bir daha söyləyim ki, heç bir yaxşı şey baş vermədi. Buna görə, biz, ilk növbədə, İsrailin azad olunmuş torpaqlara gətirilməsi ilə bağlı Azərbaycana yönələn bütün ittihamları rədd edirik. Bu, tamamilə cəfəngiyyatdır”.

Bəs bütün bu baş verənlərdən sonra “3+3” formatının alınacağına ümid qalırmı?

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyir ki, İranın xarici işlər nazirinin Moskvaya səfərindən sonra əsas təklif ondan ibarət olub ki, Türkiyəyə qarşı Rusiya, İran və Ermənistan birliyini formalaşdırsınlar: “Rusiya isə Türkiyə ilə əməkdaşlığa üstünlük verdi. Bu cəhdlər isə onu göstərir ki, İran bu cəhdləri digər bir istiqamətdə də davam etdirəcəkdir. Lakin onu da istisna etmirəm ki, İranda bu siyasət yenidən qiymətləndirəcək və İran siyasi rəhbərliyi üçün 3+3 platformasına qoşulması daha sərfəli görünəcək. Bir sözlə indiki söz və qərar sahibi olan radikallar digər praqmatik olan qüvvələrə siyasi meydanı verək”.

Siyasi şərhçi Zaur Məmmədov isə hesab edir ki, Tehran tərəfindən rəsmi şəkildə bəyan edilib ki, onlar özləri üçün prioritet olaraq Zəngəzur dəhlizi vasitəsi ilə İran, Ermənistan və Qara Dəniz vasitəsi ilə Avropa xəttini görürlər: “Azərbaycandan tranzit kimi istifadə etmək niyyətində deyillər və Zəngəzur dəhlizi Türkiyə-Azərbaycan arasında birləşdirici funksiyanı daşımamalıdır. Tehran İrəvanın bu kommunikasiya xətlərinin açılmaması istiqamətində fəal iş aparır və burada Rusiya-İran arasında fikirlər toqquşur. Təbii ki Azərbaycanın təkliflərini kimsə müsbət dəyərləndirməyə bilər. Biz mütləq şəkildə Qərbi Zəngəzur torpaqlarına qayıdacağıq. Və o torpaqlar farsları-erməniləri birləşdirən bölgə funksiyasını daşımayacaq. Əksinə Türkiyə ilə Azərbaycan xalqlarını birləşdirən eləcədə Böyük Turan-Mərkəzi Asiya və Anadolunu Avrasiyanın orta xəttinə birləşdirəcək bir coğrafiya anlamına gələcəkdir”.

Maraqlıdır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov “3+3” formatı ilə bağlı prinsipial mövqeyini İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın da diqqətinə çatdırıb. Kreml Cənubi Qafqazın gələcək taleyində yalnız bu formata qoşulan dövlətlərin yer ala biləcəyinin mesajını verib. Əks halda, bu formatın “3+2” və ya “2+2” modelinə belə, çevrilə biləcəyinə eyham vurub.

Rusiyanın mövqeyindən belə anlaşılır ki, “3+3” formatına qatılmayanlar Cənubi Qafqazın geoiqtisadi layihələrindən kənarda qalacaqlar. Bu həm də ümumiyyətlə, regiona giriş imkanlarını itirib, kənarda qalmaq təhlükəsi yaradır. Və bu baxımdan, regional əməkdaşlıq modelinin potensial iştirakçıları öz mövqelərini istər-istəməz dəqiqləşdirməli olacaqlar.

Tofiq Zülfüqarov deyir ki, Azərbaycan-Türkiyə tandemi çox vacib bir elementə çevrilib: “İstisna eləmirəm ki, bu türk birliyi məsələsi digər ölkələr də şamil olunsa o zaman orada da stabillik və əminamanlıq daha da güclənəcək. Bir neçə gündən sonra Türk Şurası artıq təşkilata çevriləcək. Hesab edirəm ki, bunun vasitəsi ilə əməkdaşlıqlar daha da güclənəcəkdir”.

Siyasi şərhçi Zaur Məmmədov diqqəti Mərkəzi Asiyaya çəkərək bildirdi ki, bölgədə bir çox beynəlxalq aktırların güclənməsi və bir-biriləri ilə ciddi şəkildə rəqabətə girməsi müşahidə edilməkdədir. Xüsusilə də Əfqanıstanda taliblərin hakimiyyətə gəlməsi və ABŞ ordusunun bölgəni tərk etməsindən sonra bu boşluğu doldurmaq istəyən bir sıra qüvvələr var. Hələlik Çin, Türkiyə, Pakistan və Rusiyanın öndə getdiyi açıq-aydın görünür: “Hazırda bu ölkələr arasında ciddi şəkildə ixtilaf və ya açıq mübarizə yoxdur. Sadəcə hərəsi öz sahəsində möhkəmlənmək istəyir. Buna misal olaraq Türkiyənin hərbi istiqamətdə, Rusiya və eləcə də Türkiyənin siyasi sahədə, Çinin isə iqtisadi sahədə bölgədə möhkəmlənməsinin şahidi oluruq. Qərb ölkələrində fəaliyyət göstərən bir sıra analitik mərkəzlərin də əsas məqsədi Çin, İran, Rusiya , Pakistan və Türkiyə kimi rəqabətdə olan dövlətlər arasında bir konflikt yaratmaq və nəticədə bölgəni “partlatmaq”la öz məqsədlərinə gəlməkdir. Sözü gedən dövlətlər isə rassional davranarlarsa o zaman bölgə onlar arasında əməkdaşlıq platformasına çevrilə bilər”.

Rusiya-Ermənistan prezidentləri arasında keçirilən Moskva görüşünə də münasibət bildirən siyasi ekspertlər bildirdilər ki, müzakirə mövzularından biri Ermənistan və Türkiyə arasında münasibətlər, eyni zamanda Zəngəzurdan keçəcək tranzit marşrutlarının gələcək fəaliyyəti ilə bağlıdır. Ermənistan bununla bağlı hələ də bir qərara gəlməyib. Halbuki qış ayları gəlmədən sözügedən 40 km-lik ərazidə yenidənqurma işlərinə start verməlidir. Bütün bunların fonunda İran Ermənistanla görüşləri artırır, rəsmi İrəvana Zəngəzur dəhlizi yerinə, “Qafqaz dəhliz”i qurmağı təklif edir. Amma bu layihədən Azərbaycanla, Türkiyəni uzaq tutmağa çalışır.