İranı Trampdan xilas edən odur – VİDEO – FOTO

0
582

ABŞ prezidenti Donald Tramp İran ərazisindəki hədəflərə zərbələr barədə qərarını Fox News-un aparıcısı Taker Karlsonun məsləhətindən sonra ləğv edib.

Donald Tramp İranın mümkün bombardmanlarının başlanmasına br neçə gün qalmış hərbçi müşavirlərinin mövqelərnini öyrənib. Onlar İrana zərbələr endirilməsinin tərəfdarı olublar.

Lakin T.Karlson bəyan edib ki, Tehrana qarşı belə addım sərsəm ideyadır: “İrana qarşı savaşa başlamaqsa Donald Trampın 2020-ci ildə keçiriləcək prezident seçkilərində qələbə şansını sıfıra endirəcək. Bu arqument Trampın şübhələrini artırıb”.

Donald Tramp bu gün bəyan edib ki, İrana qarşı müharibəyə başlamaq niyyətində deyil: “Belə savaş indiyədək misli görünməmiş fəlakətə səbəb ola bilər”.

İyunun 21-də ABŞ prezidenti Donald Tramp İrana zərbələr endirilməsinə 10 dəqiqə qalmış qərarını ləğv edib. Trampın dediyinə görə, ABŞ hərbçiləri İran ərazisində 3 obyekti vurmalı idilər. Lakin amerikalı generallardan biri bu zərbələr nəticəsində ən azı 150 nəfərin həlak ola biləcəyini deyəndə D.Tramp qərarından vaz keçib.

“Mən tələsmirəm. Ordumuz yenidən silahlanıb və döyüşə hazırdır. Ordumuz hələ ki, dünyanın ən yaxşı silahlı qüvvələridir. Baş vermiş insidentlə bağlı İrana qarşı sanksiyaları gücləndirmişik. İranın nüvə silahı əldə etməsinə heç zaman yol verməyəcəyik”, – Donald Tramp Twitter akkauntunda yazmışdı.

Vaşinqtonla Tehran arasında münasibətləri bu həddə çatdıran səbəb İranın “İslam İnqilabı Keşikçiləri Korpusunun “(“Pasdaran”) hava hücumundan müdafiə qüvvələrinin ABŞ-ın “RQ-4A Global Hawk” pilotsuz uçan aparatını (PUA) vurmasıdır.

220 milyon dollar dəyərindəki “RQ-4A Global Hawk” Birləşmiş Ştatların ən böyük PUA-larından biridir: bu aparatın qanadlarının uzunluğu 35 metr, uzunluğu 13,3 metr, çəkisi isə 15 tondur. 22 min kilometr məsafəyə yerə enmədən uça bilən bu PUA 34 saat səmada qala bilir.

ABŞ bildirir ki, olay zamanı PUA beynəlxalq sularda olub.

İran isə bildirib ki, PUA İran səmasında olarkən “3rd Khordad” zenit-raket kompleksi vasitəsilə vurulub.

Vəziyyət gərginləşdiyi üçün ABŞ Yaxın Şərq ölkələrindəki bazalarına əlavə olaraq “Patriot” zenit-raket kompleksləri yollayıb.

Bəs belədirsə, Tramp niyə qərarını dəyişdi?

Kimdir İranın “xilaskarı?

“Fox News”da xəbərlər proqramının aparıcısı, ABŞ-ın ən məşhur “telesima”larından biri Taker Karlson gerçəkdən də, Ağ Evdə nüfuz sahibidir və Donald Trampla dostluq əlaqələrinə malikdir.

Əks təqdirdə İranın vurulmasını az qala tələb edən dövlət katibi Maykl Pompeo və milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Boltonun mövqeləri ABŞ-ın İrana zərbələr endirməsinə səbəb ola bilərdi.

T.Karlson ABŞ prezidenti ilə privat söhbətində onu İrana zərbələrdən çəkinməyə çağırmaqla yanaşı, Ağ Evdəki “qırğı”ları sərt tənqid edib.

Mühafizəkar, Trampı dəstəkləyən “Fox News”un digər tanınmış aparıcıları ABŞ-ın İrana qarşı davranışının daha da sərtləşməsini djəstəkləyirlərsə, T.Karlson ölkəsinin dünyanın müxtəlif məkanlarına müdaxilələrini, xüsusilə də Yaxın Şərqdəki aqressiv militar siyasətini sərt tənqid edir.

Karlson dəfələrlə bildirib ki, ABŞ ilə İran arasındakı gərginliyin pik həddinə çatdırılmasında C.Bolton xüsusilə maraqlıdır.

“Maykl Pompeo deyir ki, Oman körfəzində iki neft tankerinə dronlarla hücumun arxasında İran durur. Bu, həddən artıq düşünülməmiş, faktlara əsaslanmayan açıqlamadır. Sabiq dövlət katibi Kolin Pauell də 2003-cü ildə İraqda kütləvi qırğın silahları olduğunu əminliklə deyirdi. Bu, İraqa qoşun yeritməyimizə səbəb oldu. Lakin sonra məlum oldu ki, İraqın kütləvi qırğın silahları yoxdur və Pauell yalan danışıb. Pauellin yalanlarının hesabını hələ də ödəyirik”, – Taker Karlson deyib.

“Fox News” telekanalında “Tucker Carlson Tonight” proqramının müəllifi və aparıcısı, 50 yaşlı Taker Karlsonu ABŞ prezidenti Donald Tramp “televiziya məkanında ən ağıllı insanlardan biri” hesab edir. Tramp Twitter-dəkit profilində indiyədək T.Karlsonun proqramından 24 dəfə iqtibaslar gətirib, teleaparıcının dediklərinə istinad edib.

Nə olacaq?

2018-ci ilin mayından bəri ABŞ prezidenti Donald Trampın administrasiyası İrana qarşı maksimal təzyiq siyasəti yürüdür. Ağ Evin dediyinə görə, məqsəd “İran iqtisadiyyatını köçdürmək, rəsmi Tehranı zəiflətmək və ikinci nüvə anlaşması ilə bağlı danışıqları bərpa etməkdir”.

Bu ilin aprelində isə Ağ Ev daha da sərtləşdi. İranın silahlı qüvvələri ümumiyyətlə, “terrorçu təşkilat” qismində tanındı (!), üstəlik İran neftinin istənilən formada alışı yasaqlandı.

Cavab olaraq İran İraqdakı gücünü artırıb.

Sonra isə Hörmüz boğazında Norveç və Yaponiyaya məxsus iki neft tankerinə hücumlar oldu.

ABŞ və Britaniya dərhal İranı suçladılar, Almaniya isə “yetərincə sübut olmadığını” bəyan etdi.

İranın amerikalıların dronunun vurması gözlənilən və məntiqi addım idi.

Bu olay Vaşinqtonu bərk narahat ehib. Çünki çox böyük yüksəklikdə uçmaq qabiliyyətinə malik, “əlçatmaz” kimi hesab edilən PUA-lardan sayılan “RQ-4 Global Hawk”un İranın Hörmüzgan vilayətndə, Kahe Mübarək bölgəsində vurulması amerikalıları pərişan edib. ABŞ-ın Müdafiə Nazirliyi bəyan edirdi ki, İranın “yer-hava” tipli raketləri “heç zaman” ən müasir və bahalı PUA-lardan sayılan “RQ-4 Global Hawk”u vura bilməzlər.

İndisə bəlli oldu ki, regionda kəşfiyyat əməliyyatlarının intensivliyini yüksəldən və hərbi kontingentinin sayını fasiləsiz artıran ABŞ üçün İran ordusu olduqca ciddi, hətta fəlakət səviyyəsində problemlər yarada bilər.

Vaşinqton ilkin mövqelərindən geri çəkilmədiyini vurğulasa da, əslində tam tərsidir: ABŞ İranı “vurmaq” planlarını təxirə salıb.

İransa savaşa hazırdır və Yaxın Şərq bölgəsində geosiyasi təsir rıçaqlarını zəiflətmək niyyətində deyil. Əksinə, rəsmi Tehran bölgədəki maraqlarını qorumaq üçün ən sərt addımlar atmağa hazır olduğunu bildirir.

Elçin Alıoğlu
Milli.Az