Bir il sonra Milli Hökumətin (Pişəvəri hökumətinin) 80, 4 il sonra isə Türkmənçay sazişinin 200 illik ildönümləri gəlir. Əvvəlki yazılarda qeyd etdiyimiz kimi, hər iki mövzu İran təbliğatı tərəfdən xüsusi olaraq istismar edilir, Azərbaycan Respublikasına və ümumən azərbaycanlı kimliyinə qarşı istifadə edilir.
Rusiya imperiyasının süqutu ilə Türkmənçay sazişi 100 il əvvəl qüvvədən düşsə də (müqavilələrin hüquqi qüvvəsi və müddətliliyi haqqında 1969-cu ildə qəbul edilmiş Vyana konvensiyasına əsasən, həm Gülüstan, həm də Türkmənçay müqavilələri hazırda qüvvədə deyil və heç bir hüquqi məsuliyyəti əks etdirmir –C.Q), XIX -XX əsr boyunca bir millətin bölünməsinin, milli-siyasi sınıqlığın rəmzi olaraq qalır.
İranda aparılan anti-Azərbaycan təbliğatında daim Türkmənçay sazişinə istinad edilir, “Arazdan şimaldakı” torpaqlar (Azərbaycan Respublikası) itirilmiş, bir gün ana vətənə-İrana qayıdacaq ərazilər, “fars mədəniyyətinin bir parçası”, həyati maraqlar zonası elan olunur. Hətta 31 dekabr sərhəd hərəkatı və 20 yanvar faciəsi haqda belə həyasız təbliğat aparılır, bu faciələr azərbaycanlıların tarixi Vətənlə birləşmək hərəkatı kimi təqdim olunur.
Təbriz Universiteti tərəfindən çap olunan “Azər” jurnalının 2-ci sayında (2018-ci il) getmiş “Rüsvayçı Gülüstan və Türkmənçay müqavilələri haqqında Ali Rəhbərin bəyanatları: Qafqazın 17 şəhəri, İranın canının yarısı” adlı məqalədə deyilirdi ki, İran ictimaiyyəti rus qüvvələri tərəfindən “İranın Qafqazdakı tarixi şəhərləri”nin işğalının acı xatirəsini unutmayıb. 2 əsr keçməsinə baxmayaraq, bu damğa “Arazın hər iki tayındakı İran xalqı”nın ruhunda və zehnində yaşayır. Ziyalılar Araz çayının şimal rayonlarını “böyük İran mədəniyyətinin” ayrılmaz hissəsi hesab edir, mütəxəssislər bu regionları “Şimali İran” adlandırırlar. Vurğulanırdı ki, Xameneinin də İranın Qafqazdakı tarixi torpaqlarına marağı böyükdür. O, İranda Gülüstan və Türkmənçay müqavilələrini açıq şəkildə rədd edən ilk yüksək vəzifəli rəsmi şəxsdir, Sovet İttifaqının dağılması ərəfəsində və ondan sonra İranın müxtəlif vilayətlərində, xüsusilə də Təbrizdə bir neçə dəfə bununla bağlı çıxış edib.
Sitatlar:
– Tarixə baxırıq və anlayırıq ki, Fətəli şah Qacar necə çirkin varlıq və murdar insan olub. Şəxsi həyatı, şəhvətpərəstlikləri, ürəyinin rəhmsizlikləri, nadanlıqları, öz zamanında Qafqazın 17 şəhərini əldən verməsi, onun zamanındakı Türkmənçay müqaviləsi (7 oktyabr 1992-ci il).
– Şimal qonşumuz tərəfindən müharibəyə sürükləndik. O müharibənin nəticəsi və müharibə zamanı zəifliklər bu idi ki, bu vətənin böyük bir hissəsi ondan ayrıldı və rüsvayçı Türkmənçay müqaviləsi bağlandı (21 oktyabr 1992-ci il).
– Uzaq keçmişdə, əziz ölkəmiz şimal qonşumuzun, yəni rusların hücumuna məruz qalanda Qacar padşahlarının zəifliyi, siyasi və hərbi şəxslərin acizliyi səbəbindən Gürcüstan və Qafqazın 11 şəhəri əziz İrandan ayrıldı, öz qələbələrindən məst olmuş rusları öz yerində oturdan qüvvə Təbriz idi (27 iyul 1994-cu il).
Bu gün rüsvayçı Türkmənçay müqaviləsindən 200 ilə yaxın zaman keçir. O tarixi oxuyan hər bir iranlı 2 əsr keçdikdən sonra öz ruhunda utanc, həqarət və məğlubiyyət hiss edir və özündən soruşur: O cür böyük hadisə zamanı ölkə başçıları ölkənin milli kimliyinin köməkliyi ilə milli iradəni, ölkənin maddi və mənəvi sərvətlərini niyə ortaya çıxara bilmədilər?! Halbuki, Qafqazın 17 şəhərini İrandan almış və ölkəni öz canının bir parçasından məhrum etmişdilər (27 sentyabr 2000-ci il).
– …İnqilab ilə nəticələnən 200 illik bu uzun müddət ərzində biz çətin, qaranlıq və əzablı yol keçmişik. Bu 200 illik müddətdə təhqiramiz Türkmənçay, ondan qabaq isə Gülüstan müqaviləsi bağlanmış, Qafqazın 17 şəhərini İrandan ayırıblar (3 iyun 2012-ci il).
Yəni İran parlamentində və digər səviyyələrdə Azərbaycan Respublikasına qarşı açıq iddialar, “İranın Ukraynası” yanaşması hər hansı təsadüfi şəxsdən deyil, birbaşa ölkənin bir nömrəli ali məmurundan qaynaqlanır. 2011-ci ildə İran parlamentinin azərbaycanlı üzvü Nadir Qazipur “müjdə” vermişdi ki, Ərdəbil, Təbriz və Urmiyadan olan Azərbaycan nümayəndələri Şimali Azərbaycanla bağlı “plan” hazırlayıblar. Plana görə, Azərbaycan Respublikası rəsmiləri “münafiqlərə” sığınacaq verərsə və “inqilabçılara” qarşı çıxarsa, İslam Şurası Türkmənçay müqaviləsinə yenidən baxılmasına qərar verməlidir. Bu əndərabi planın tərcüməsi o idi ki, Azərbaycan Respublikası İranın cızdığı xətdən kənara çıxacağı təqdirdə ilhaq iddiası qaldırılmalıdır. Təxminən Rusiyanın Ukraynaya qarşı etdiyi kimi.
II Qarabağ savaşı, xüsusən də Zəngəzur dəhlizi ilə bağlı müzakirələrdə Türkmənçay müqaviləsi yenidən yada düşdü, az qala hər gün İran KİV-ləri rəy, təhlil, tarixi ekskurs, müsahibə janrında bu mövzu ilə bağlı çoxsaylı yazılar dərc edir, verilişlər yayımlayırlar. İranın xüsusi xidmətlərinə yaxın KİV və ekspertlər də Azərbaycanı susdurmaq üçün etnik azlıq kartını və “itirilmiş 17 Qafqaz şəhəri “ mövzusunu daim diqqətdə saxlamağı tövsiyə edirlər.
2020-ci ilin dekabrında Bakıda keçirilən hərbi paradda Ərdoğanın Laçın haqda dediyi şeir ətrafından yaranmış qalmaqaldan sonra “Vəliyyi-Fəqihin Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərindəki nümayəndələri” bəyanatla çıxış etmişdilər. Bəyanatda yenə də “ana İran və itirilmiş torpaqlar” haqda nağıllar təkrarlanırdı: “Azərbaycan Respublikasının Qarabağ müharibəsindəki qələbəsinə həsr edilmiş paradda elə şeirlər və ifadələr dilə gətirildi ki, ölkəmizin izzəti və ərazi bütövlüyünü hədəfə almışdı və onları dilə gətirənin bədbəxtliyindən bu şeirlər doğma vətənlərindən ayrı düşmüş iranlılar tərəfindən deyilib. 200 ildir ki, Qafqazın şimalındakı 17 vilayətdə yaşayan, rus imperiyası tərəfindən ana vətənləri, ata-baba yurdları və tarixi vətənlərindən ayrılan iranlılar həsrət şeiri deyirlər, həsrətlə yaşayırlar… Sovet hökumətinin dağılması ərəfəsində baş verən 19 yanvar hadisəsi və azərilərin öz ana yurdlarına doğru axın etmələri dünyaya azərbaycanlıların çox dözümlü, soylu, əsil və qeyrətli şəxsiyyətlərini nümayiş etdirmiş oldu və məlum oldu ki, ana vətənə sevgi və məhəbbət alovları hələ də onların ürəklərində alovlanmaqdadır”.
2022-ci il noyabrında İran parlamentinin deputatı Ehsan Ərkani “Naxıvan xalqı”nın ana İrana birləşmək istəyi haqda cəfəngiyat ifraz edir: “Naxçıvan və bütün Azərbaycan Respublikası yüz il bundan əvvəl İran ərazisinin bir hissəsi idi və İrana məxsus idi, Gülüstan və Türkmənçay isə biabırçı müqavilə zamanı İrandan alındı”.
Avrasiya məsələləri üzrə ekspert kimi təqdim edilən Əhməd Kazemi “Khabaronline” saytındakı müsahibəsində deyir ki, Ankara və Bakı İran konsulluğu yerləşən Sünik (Zəngəzur ) vilayətini qəsb etməyə can atır: “Gülüstan və Türkmənçaydakı biabırçı müqavilələrdən sonra İran bölgədən çəkiləndə azərbaycanlılarla ermənilər arasında problemlər yarandı. Azərbaycanlılar, ermənilər, Qafqaz və Cənub-Şərqi Türkiyə Osmanlı türklərinin soyqırımının və hərbi təcavüzünün şahidi olublar” (2023 fevral).
İranın müxtəlif dairələri Rusiyaya sığınmış separatçıları fəallaşdırmaq üçün də təşəbbüslər göstərir, Türkmənçay müqaviləsi ilə parçalanmış “azsaylı xalq” haqda təbliğat aparılır. Separatizmə meyilli fiqurlar İsmayıl Şabanov və Zabil Məhərrəmov parçalanmış xalq haqda İran mediasında çıxış edir, İranda konfrans keçirir, İrana birləşməyə can atdıqlarını bildirirlər.
Məsələyə hər çıxışlarında iranlı olmaları haqda nağıl danışan Şabanov və Məhərrəmovdan fərqli yanaşan separatçılar da var. Onlar Türkmənçayı özlərinin xilası olan hadisə kimi qiymətləndirirlər. Ötən ilin fevralında Vüqar Salayevin sədrliyi ilə müxtəlif separatçı təşkilatlarını birləşdirən yeni qurum təsis edilir. Təsis toplantısında əsas diqqət Türkmənçay müqaviləsinin qarşıdan gələn 200 illik yubileylərinə yönəlib. Rusiyaya birləşmənin türklər tərəfindən assimilyasiya olunmanın qarşısını alan hal kimi qiymətləndirilib. İddia edilib ki, Cənubi Talışda qalanların (İranın Gilan və Ərdəbil vilayətləri nəzərdə tutulur) 80 faizi türkləşib.
Bir sözlə, İran öz qabığına sığmaq istəmir. Hələ şah dövründən bəri İraqla mövcud sərhədləri süni hesab edirdilər, əldə edilmiş bəzi anlaşmalar da, siyasi islamçıların üsyanla hakimiyyətə gəlişindən sonra Xəzər dənizinin 20 faiz prinsipi ilə sektorial bölgüsünü qəbul etmir, indiyədək də son uzlaşmanı ratifikasiya etmir. Həmin danışıqlarda iştirak etmiş Həsən Ruhani hakimiyyəti isə mühafizəkarlar tərəfindən Türkmənçay və müqaviləsindən sonra ən böyük xəyanətə imza atmış dövlət başçısı kimi lənətlənir.
Göründüyü kimi, 200 il əvvəlki geosiyasi oyunçuların yenə də meydandadırlar. XIX əsrin əvvəllərində Qafqaz və İran ətrafında Böyük Britaniya, Fransa və Rusiya toqquşurdular.
İndi situasiya daha dramatikdir: güclü, NATO-nun ikinci ordusuna sahib Türkiyə XİX əsrin əvvəlindəki Osmanlı deyil; nüvə ölkəsi olmaq istəyən və özünü Qacarların varisi sayan və Bütöv Azərbaycan təhdidini neytrallaşdırmaq üçün “böyüklük residivi” baş qaldıran İran; yeni, aqressiv oyunçu İsrail və arxasında duran ABŞ. Və nəhayət, o vaxt geosiyasi obyekt-hədəf olan, 200 il sonra geosiyasi subyektə çevrilən Azərbaycan.
Bizim istəyib-istəmədiyimizdən asılı olmayaraq bölgədə maraqlı müxtəlif geosiyasi oyunçular Türkmənçay mövzusunu istismar edib, edir və edəcək. Bəs biz 200 illiyə hansı narrativlə gedirik? Bəlkə də 20 il əvvəl bu sual yersiz görünər, parçalanma faciəmiz haqda oxşar məzmunlu cavablar eşidərdik. Amma bu gün o qədər fərqli cavablar var ki!!! Fərqliliyə qarşı deyilik, təki o cavablar antimilli məzmunda olmasın…