İranın cənubundakı Şəhid Rəcai limanında baş verən partlayışdan sonra Səhiyyə Nazirliyi Bəndər Abbas şəhərində fövqəladə vəziyyət elan edilməsi barədə göstəriş verib.
Bu barədə “Tasnim” məlumat yayıb.
Nazirlik tibbi qruplar yaratmaq və partlayışdan sonra havanın əhəmiyyətli dərəcədə çirklənməsi fonunda əhalinin sağlamlığını qorumaq üçün təcili tədbirlər görmək əmri ilə bir müraciət yayıb. Müraciətin mətnində qeyd olunur ki, şəhər ammonyak, kükürd qazı və azot emissiyası təhlükəsi ilə üz-üzədir.
Xatırladaq ki, aprelin 26-da Fars körfəzi sahillərində dəniz limanının ərazisində təhlükəli materiallar və kimyəvi maddələr olan anbarda partlayış baş verib. IRIB telekanalının məlumatına görə, yanacaq çəni partlayıb. Hadisə yerində yanğın başlayıb. Bundan başqa, liman binalarından biri uçub.