İranda azərbaycanlılara qarşı repressiya başladı: Görün molla rejimi nəyi bəhanə gətirir

0
88

İran KİV-ləri xəbər verir ki, Təbrizin “Tiraktor” komandasının “Sepahan”a qarşı oyununda Azərbaycan Respublikasının bayrağını qaldırmış iki şəxs təhlükəsizlik orqanları tərəfindən həbs edilib. “Hamshahri”-nin məlumatına görə, bu şəxslərin kimliyi və motivasiyası ilə bağlı ətraflı məlumat hələ dərc olunmayıb, lakin bəzi xəbər mənbələri onların “pantürkist qruplarla əlaqəsinin mümkünlüyünü” bildirir.

Həyata keçirilən həbslər Azərbaycan ictimaiyyəti və İranın azərbaycanlı əhalisi arasında böyük narazılıqla qarşılanıb. Bundan sonra İran KİV-ləri özünəbəraət üçün yeni bir kampaniya başlayıb. “Sharghdaily” “Azərbaycanda Türkiyə və Bakı bayraqları cövlan edir” adlı yazısında iddia edir ki, bəzi insanlar Tehranın “Azadi” meydanında və İmam Əli şosesində İsrail bayrağı asıblar, bu hərəkətin videosu “separatçı” “İran İnternational” şəbəkəsinin, eləcə də İsrail Xarici İşlər Nazirliyinin saytında internetdə yayımlanıb. Ona görə də bu hərəkətin araşdırılması dərhal ölkənin təhlükəsizlik orqanlarının gündəliyinə salınıb və 24 saatdan da az vaxt ərzində bayrağı daşıyan şəxs yaxalanaraq ədliyyə orqanlarına təhvil verilib.

Daha sonra məqalədə deyilir ki, böyük İran xalqı “xariciləri təmsil edən” bayraqların cövlan etməsindən qəzəblənir, “bu torpağa və suya təcavüz” olan belə davranışlara dözməyəcəkdir: “Amma illərdir Türkiyə və Bakı bayraqları, pantürkizmin tanınmış simvolları, xüsusən boz qurd simvolu Şərqi və Qərbi Azərbaycan vilayətlərində təbliğ olunur. Bakı və Türkiyə isə sübut edir ki, onlar İsrailin anti-İran mövqelərində strateji tərəfdaşıdır və bu təhlükəli üçbucaq bizim sevimli İranımız üçün geosiyasi boğulma yaratmaqda şərikdirlər” .

Fundamentalist nəşr iddia edir ki, Bakı ilə İran arasında son zamanlar Qafqazda baş verən münaqişələrdə, o cümlədən Turan dəhlizi (Zəngəzur dəhliz-C.Q) məsələsində İsrail və Türkiyə bu hərəkatların rejissoru və ssenari müəllifi, Bakı isə teatrın aktyoru kimi qəbul edilməlidir: “Uzun illərdir ki, İsrail regiona sızmaq, terror və anti-İran siyasətlərini həyata keçirmək üçün Bakını arxa bağçası kimi seçib, Bakı isə öz ambisiyalarına nail olmaq üçün İsrail üçün bu sahəni genişləndirib. Ona görə də sevimli ölkəmiz İranda İsrail bayrağının nümayişi və təsirinin qarşısını almaq, Türkiyə və Bakı bayraqlarına da qarşı çıxmaq lazımdır. İranda pantürkizmlə, Bakı və Türkiyə bayraqları qaldıranlarla qəti şəkildə mübarizə aparılmasa, İsrail bayrağına qarşı təhlükəsizlik tədbiri natamam və qeyri-kafi olardı. Azərbaycanın əyalətlərində bu kiçik və böyük pantürk bayraqları və simvolları mağazalarda, stadionlarda, bir sözlə, ictimai yerlərdə bol və sərbəst şəkildə nümayiş etdirilir. Nə müddətdir Təbrizin “Yadigar İmam” stadionunda insanlar separatçı və antimilli həmrəylik bayraqları qaldırır, davamlı olaraq ölkənin ərazi bütövlüyü əleyhinə kollektiv şüarlar səslənir. Media bu təhlükə ilə bağlı hər zaman rəsmi qurumları xəbərdar edib və bundan qat-qat ciddi cavab gözləyir”.

Bundan sonra Azərbaycan ərazisindən İrana İsrail casusları sızması haqda ənənəvi yalanlar təkrarlanır.

İran azərbaycanlıları arasındakı milli mədəni hərəkat anti-irançılıq, anti-farslıq və anti-şiəlik kimi xarakterizə edilir, mədəni haqlar uğrunda hərəkata neofaşist damğası yapışdırılır: “Bu neofaşist qrup açıq şəkildə “biz pantürkistik” şüarını səsləndirir və onun hazırladığı xəritədə İranın şimal-qərb və şimal bölgələrinin bir hissəsini əhatə edə bilən pantürk imperiyasının (türk dünyasının) böyüklüyünü göstərir”.

İddia olunur ki, Avstriya, Fransa, Almaniya və Niderlandda bu terror şəbəkəsi (Boz qurdlar-C.Q) qanunla qadağan olunub. “Amma İran daxilində, xüsusən də Azərbaycan bölgələrində bəzi adamlar bu qruplaşmanı açıq-aşkar təbliğ edirlər. Axı onlar bir əllərində Bakı və Türkiyə bayrağını qaldırır, digəri ilə isə boz canavar dəstəsinə aid qurdun üzünü və ağzını xatırladan işarə göstərirlər”. Bu yazıların dərci o deməkdir ki, İranda azərbaycanlı fəallara qarşı yeni təqib kampaniyasına start verilir. Həm də bu dəfə milli haqlar uğrunda hərəkat, adi mədəni simvollar (yumurta boyama kimi) faşist təbliğatı elan edilə bilər. Bu zaman guya Avropa ölkələrində türkçülük simvollarının qadağan olunması haqda təbliğat isə İranın öz əleyhinə işləyə bilər. Çünki Qərbin əksər ölkələrində İslamın xomeyniçi versiyası yasaqdır, SEPAH isə terror təşkilatı kimi tanınır. İran “Qərb nümunəsi” tətbiq etmək istəyirsə, eyni halı biz də təkrarlaya bilərik.