İranda azərbaycanlı islahatçı qalib gəldi: bizi nə gözləyir? – Mühüm DETALLAR

0
75

Seçki haqda ilkin ehtimalların heç birində onun adı yox idi. Amma namizədliyi təsdiqləndikdən sonra verilən reaksiyalar mübarizənin 1+5 formatından gedəcəyini göstərirdi. Pezeşkianın qələbəsinin formal tərəfi də bundadır – mühafizəkarlar öz aralarında uzlaşa bilmədilər, səslər parçalandı.

İkinci amil. Seçkilərin hicab aksiyalarının və İranda etirafı çətin olsa da İkinci Qarabağ savaşında Azərbaycanın qələbəsinin kölgəsi altında keçməsi idi. Hicab aksiyaları qadın səslərinin əhəmiyyətini artırdı, nə Rəisi, nə də onun xəttini davam etdirəcəyini deyən Cəlili-Qalibaf tandemi buna ciddi yanaşdılar. Əksinə, hicab aksiyalarından sonra Rəisi hökuməti hicabla bağlı daha sərt tənzimənmələrə gedəcəyini bəyan etmişdi.

Üçüncü həlledici amil. İkinci Qarabağ savaşındakı zəfərimizdən sonra isə İran azərbaycanlıları, xüsusən 4 vilayətin əhalisi arasında milli şüur, mədəni haqlar uğrunda mübarizə daha yüksəlib. İndi Pezeşkianın yanında duran Cavad Zərifin mənsub olduğu düşərgəyə yaxın nəşrlər II Qarabağ savaşından sonra etnoregional seperatizm təhlükəsindən də yazırdılar.

Hicab aksiyalarının gedişində tez-tez azərbaycanlıların “azadlıq, ədalət, milli hökumət” şüarının ərəblər (əhvazlılar), bəluclar tərəfindən də öz dillərində səslənməsinin şahidi olduq; “kord, bəluc, azəri-azadi, bəradəri” (kürd, bəluc, azəri-azadlıq, qardaşlıq) plakatları qaldırıldı. Mühafizəkar “Məşreq” o halları nəzərdə tutaraq kürd və azəri-türk separatizminin (mühafizəkarlara görə mədəni haqlar uğrunda istənilən fəaliyyət separatizmdir – C.Q) birləşmə təhlükəsindən yazırdı.

Pezeşkiana yalnız azərbaycanlılar arasında deyil, eləcə də digər qeyri-fars icmalarının nümayəndələri arasında da səs verənlər çox idi.

Dördüncü amil. Onu digər islahatçılardan fərqləndirən bəzi cəhətləri də qələbəsinə kömək edib. “Nəhcül bəlağə” (Həzrət Əliyə aid edilən fikirlərinin toplusu) bilicisi sayılır, islami çevriliş illərində gənclərə Həzrət Əlinin bu kitabını tədris edirmiş. İran-İraq savaşı zamanı Pezeşkian tibb briqadaları təşkil etməsi ilə yadda qalıb. Seçkinin gedişində dini rəhbərə sayğısını tez-tez ifadə edirdi, Qasim Süleymaninin məqbərəsini də ziyarət etdi. Bu, dindar mühaifəzkarların bir hissəsinin Pezeşkiana səs verməsini, elə hakim teokratik elitanın da onu məqbul saymasını təmin edirdi.

Beşinci amil. Onu mühafizəkarlı-islahatçılı bütün siyasi elitadan fərqləndirən bir cəhəti də indiyədək korrupsiyada adının hallandırlmaması, təmiz şəxs kimi tanınmasıdır. Bütün səviyyələrdə seçkilər, kadr rotasiyaları ərəfəsi qarşılıqlı ifşalar üzdə olan əksər siyasi fiqurları ictimai rəydə xeyli aşındırıb. İndi rejimin imicinin yaxşılaşdırılması üçün Pezeşkian kimisinə ehtiyac var. Adətən, islahatçılara orta təbəqə səs verirdisə, Pezeşkianın auditoriyası daha çox yoxsul təbəqə, qadınlar, gənclər və qeyri-fars seçicilər idi.

Altıncı amil. İranda real hüquqi hakmiyyət, güc strukturları, media (təbliğat aparatı), hətta leqal və qeyri-leqal iqtisadi güc rəhbərə tabedir. Prezident daha çox xarici siyasətdə təmsilçilik funksiyası daşıyır. Onun bu sahədə bacarıqlarına, inandırıcılığına ehtiyac daha çoxdur. Pezeşkianın xarici siyasətdə əsas istinad edəcəyi şəxs seçkiqabağı kampaniyasında iştirak edən Cavad Zərifdir.

Zərif Qərblə münasibətlərin tənzimlənməsi tərəfdarı kimi tanınır, ötən ilin oktyabrında Həmas-İsrail qarşıdurması başlayandan sonra İranın bu və ya digər şəkildə müharibəyə qoşulma çağırışlarına cavab olaraq C. Zərif Qərb mediasına müsahibəsində ölkəsinin başqalarına görə savaşa qoşulmaq istəmədiyini demişdi. O müsahibə ilə eyni vaxta birbaşa dini rəhbərə tabe olan “Keyhan” qəzeti eyni məzmunda yazı ilə çıxış etmiş, dolayısı ilə “Həmas”ın İsraili savaşa sövq edən hücumunun arxasında Rusiyanın durduğunu, məqsədin Qərbin diqqəti Ukraynadan yayındırmaq olduğunu iddia etmişdi. Bu iki mətn indiki seçkinin nəticələri fonunda tam başqa cür oxunur. C. Zərifin və Pezeşkianın mövqeyi teokratik rejimin Qərblə münasibətləri tənzimləmək üçün B planı ilə üst-üstə düşür.

Bu qələbənin bizə faydası nədir?

Seçkinin yuxarıda dediyimiz kimi, müəyyən qədər Qarabağ zəfərimizin kölgəsində keçməsi, azərbaycanlı səslərinin həlledici olması uğurdur. Müqayisə qüsurlu ola bilər – məsələn, Türkiyədə etnik kürd səslərinin koalisiyaların qurulmasında həlledici olmasından necə məharətlə istifadə olunduğunu izləyirik. İranda isə azərbaycanlı səsləri koalisiya qurmaq üçün yox, ümumən seçkinin qalibi olmaq üçün yetərlidirsə, ən azı dil hüquqları ilə bağlı problemlərin birdəfəlik həlli üçün istifadə edilə bilər. Yeni hökumətin Azərbaycan və Türkiyə ilə münasibələrdə daha korrekt davranması gözləniləndir.

Amma təhdidlər də yetərincədir. Pezeşkianın atacağı və ya atmayacağı addımların cənubi azərbaycanlılar arasında məyusluq yaradacağını və milli hərəkatın səngiməsinə səbəb olacağını da proqnozlaşdırmaq olar. Həm də indi İran təbliğat maşını yenidən 90-cı illərin tezisini bizə qarşı rahat şəkildə istifadə edəcək. O tezis belə idi ki, İranın ağası azərbaycanlılardır, biz Türkiyəyə yox, İrana meyil etməliyik. Təbii ki, əks təbliğatdakı yanlış fars-molla rejimi ifadəsi də indi əhəmiyyətsizləşəcək. İranın bizə və ya Türkiyəyə qarşı hər hansı yanlış addıma qarşı etnik amilin əks arqument kimi qabardılması mümkünsüzləşəcək.