İran XİN başçısı gizli şəkildə Ağ Evə dəvət edildi

0
492

img

Tehran Avropanı nüvə sazişindən çıxmaqla hədələdi

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib ki, Avropa ölkələri nüvə sazişini qorumaq üçün addım atmasa, İran nüvə proqramını razılaşmadan əvvəlki səviyyədən də daha yüksək səviyyədə davam etdirəcək.

Tehranda Xarici İşlər Nazirliyində mətbuat konfransı keçirən Zərif Avropa ölkələrinə xəbərdarlıq edib.

Avropa ölkələri nüvə sazişinə dair öhdəliklərini yerinə yetirməzsə, İran ABŞ-ın sanksiyalarına qarşı nüvə sazişindəki öhdəliklərini azaltmaqda davam edəcəyini deyən Zərif, Avropanı anlaşmanı qorumağa çağırıb.

“Razılaşma qorunmasa, nüvə proqramımızı nüvə sazişindən əvvəlki səviyyədən daha yüksək səviyyəyə çatdıracağıq” – deyən Zərif nüvə anlaşması ləğv ediləcəyi halda İranın atacağı addımlar barədə xəbərdarlıq edib.

Zərif ABŞ-ın ona qarşı tətbiq etdiyi sanksiyalar barədə də danışıb və keçən ay Nyu-Yorkda olarkən onun ABŞ Prezidenti Donald Trampla görüşmək üçün gizli şəkildə Ağ Evə dəvət edildiyinə dair xəbərləri də təsdiqləyib.

“Nyu-Yorkda olduğum müddətdə mənə dəvəti rədd etsəm, iki həftə sonra sanksiya siyahısına salınacağım söyləndi, amma imtina etdim” – Zərif deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Amerikanın “New Yorker” jurnalı İran və ABŞ diplomatlarına istinadən xəbər yaymışdı ki, BMT iclaslarında iştirak etmək üçün iki həftə əvvəl Nyu-Yorka gedən Zərif Trampa yaxınlığı ilə tanınan senator Rand Pol tərəfindən Ağ Evə dəvət edilib.

Senator Pol və onun müşaviri Douq Stafford iyulun 15-də Trampın razılığı ilə Nyu-Yorkdakı BMT-dəki İran nümayəndəliyinin ofisində Zəriflə görüşüb. Görüşdə İranın nüvə proqramı və Fars körfəzindəki gərginlik də daxil Vaşinqtonla İran arasındakı problemlər müzakirə edilib.

Zərif ABŞ senatoruna İranın nüvə proqramı ilə bağlı Trampın narahatlığını aradan qaldırmaq üçün, İran lideri Ayətullah Əli Xamneyinin 2003 və 2010-cu illərdə nüvə silahının qadağan edilməsinə dair fətvasını Məclisdə təsdiqləyərək qanun halına salmaq da daxil, bir sıra təkliflər təqdim edib.

Senator Pol isə sözügedən təklifləri birbaşa Trampa təqdim etməsi üçün Zərifi Ağ Evə dəvət edib. Bundan sonra Zərif görüşün nəticəsiz olacağından narahat olduğunu bildirib.

Zərif Trampla görüş dəvətinə təkbaşına qərar verə bilməyəcəyini və Tehranla məsləhətləşməli olduğunu söyləyib.

Görüşdən sonra Zərif  bu barədə Tehrana məlumat verib, ancaq Trampla görüş dəvətinə razılıq verilməyib.