Bakı-Tehran xəttində münasibətlərin normallaşması fonunda “İran həqiqətənmi səmimidir” sualları da yaranır və səbəbsiz də deyil. Çünki 44 günlük müharibədə Azərbaycan torpaqlarını azad edərkən, özünü İslam Respublikası adlandıran İran din qardaşlarını yox, din qardaşlarını qətlə yetirən, soyqırımı törədən Ermənistanı dəstəklədi. Müharibədən sonra ermənilərin müdafiəsini davam etdirən Tehranın müxtəlif iddialarla Bakıya qarşı informasiya hücumları da uzaq keçmişdə qalmayıb, sərhədimizə “leşkər” yığmaqları da. Hətta anti-Azərbaycan siyasətini Tehrandakı səfirliyimizə qarşı terror hücumunun törədilməsinə qədər genişləndirdilər. Bütün bunlardan sonra münasibətlərin normallaşması, Tehrandan verilən açıqlamalar müsbət görünsə də, şübhələrə də yol açır.
– Ermənistan naminə Azərbaycana düşmənçilik edən İran doğrudanmı “dinə qayıdıb?”
– Bundan sonra İrandan Azərbaycana qarşı təhdidlərin və təhlükələrin olmayacağına inanmaq olarmı?
Dünən baş verən hadisə bir daha sübut etdi ki, İran nə “dinə qayıdıb”, nə də dediyi sözlərdə səmimidir. Azərbaycana qarşı “erməni kartı”ndan istifadə edən, terror aktına əl atan İran indi də etnik-milli zəmində sabitliyi pozmaq planını işə salmağa cəhd edir. Martın 10-da Rəşt şəhərində keçirilən qondarma konfrans bunun əyani nümunəsidir.
İslam Azad Universitetində “Talış – İran mədəniyyəti və tarixinin aynasında” adı altında keçirilən konfrans Azərbaycanın parçalanması ideyasının açıq şəkildə dəstəklənməsidir. “Mədəniyyət və tarix” adı ilə təqdim edilən konfransa Avropada yaşayan, Azərbaycanın talış əsilli vətəndaşlarının adından danışmağa cəhd edən Boriş Talışinski dəvət edilib. Bu azmış kimi onu “Talış Muğan Respublikası mühacir hökumətinin prezidenti” kimi təqdim ediblər. Konfransın əsas təşkilatçısı Əhməd Kazemi isə Boris Talışinskini “şimali talışstanın mərhum prezidenti general Əliəkrəm Hümətzadənin varisi” adlandırıb. Bildirib ki, “şimali talışıstandakı qardaş və bacılarının hüquqları qorunmalıdır”. Konfransın digər iştirakçıları da çıxışlarında “şimali talışıstan”dan bəhs edib.
Burada “şimali talışıstan” dedikdə Azərbaycan ərazisi nəzərdə tutulur və vətən xaini kimi ölkədən qovulan Əlikram Hümbətovun yaratdığı qondarma “talış muğan respublikası”nın mövcudluğunu müdafiə edirlər.
Bu konfrans və orada səslənən iddialar İranın münasibətlərin normallaşmasında səmimi olmadığını, bir əlini uzadan zaman, digəri ilə ayağımızın altını qazmağa çalışdığını isbat edir. Və şübhəsiz ki, Boris Taklışiniski kimi xainlərə dəstək verən, Azərbaycanı bölməyə, parçalamağa hesablanmış belə konfransları təşkil edən də İran dövlətinin özüdür.
Birincisi, konfransın təşkilatçısı olan Əhməd Kazemi birbaşa İranın rəsmi dairələrinə bağlı olan şəxsdir. “Avrasiya məsələləri üzrə ekspert”, yaxud “beynəlxalq məsələlər üzrə professor (?)” kimi təqdim edilən Əhməd Kazemi vaxtilə Azərbaycandan deportasiya olunub və bu gün də İranın rəsmi dairələrinin tapşırığına əsasən Azərbaycana qarşı çıxışlar edir.
İkincisi, konfrans İranın dövlət müəssisəsində – İslam Azad Universitetində təşkil edilir və yer olaraq buranın seçilməsi birbaşa rəsmi icazə əsasında olub.
Üçüncüsü, konfransda İran dövlətinin adından danışılır, dünyada yaşayan talış əsilli insanların İranın bayrağı altında toplanmasından, “şimali talşıstan” adlandırdıqları ərazidə – Azərbaycanda yaşayanların müdafiəsindən bəhs edilir.
Dördüncüsü, Boris Talışıniski də daxil olmaqla talış əsilli vətəndaşlarımızın adından danışmağa iddia edən xainlərin hamısının arxasında dayanan ölkələrdən birinin məhz İran olduğu gizlədilmir.
Göründüyü kimi, İran rəsmi şəkildə Azərbaycanda milli-etnik zəmində sabitliyi pozmağa çalışır. Lakin indi belə bir konfransın təşkili və Boris kimilərin ora dəvət edilməsi, “şimali talışıstan” iddialarının irəli sürülməsi təsadüfi deyil. Və şübhəsiz ki, bu planın arxasında İranla yanaşı, Ermənistan xüsusi xidmət orqanları da dayanır. Məqsəd Qarabağda erməni separatizminin məhv edilməsindən sonra Azərbaycana qarşı “etnik separatizm” kartını başqa formada körükləməkdir.
Hələ 90-cı illərdə ortaya atılan “Azərbaycanı parçalamaq” ideyasının daşıyıcılarını İranla yanaşı, Ermənistan da ölkəmizə qarşı istifadə edib. Ə.Hümbətovun Ermənistanda “qəhrəman” kimi qarşılanması, oğlu və gəlininin İrəvan Dövlət Universitetində təhsil alması, işğal dövründə Şuşada talış dilində radionun açılması və digər faktlar bəllidir. Ermənistan torpaqlarımızın işğalını davam etdirmək məqsədilə Azərbaycana qarşı bu istiqamətdə fəaliyyətlər göstərirdi və bu prosesdə əsas dəstəkçisi İran idi. Ə.Hümbətovdan sonra onun xəstə ideyalarının daşıyıcıları olan Boris Talşıniski, Zabil Məhərrəmov (Madoj) kimilər mütəmadi olaraq İrəvana səfər edir, Ermənistan xüsusi xidmət orqanlarından tapşırıqlar alırdılar. Onların İrəvanla yanaşı, əsas ünvanları həm də Tehran olub, Azərbaycana qarşı eyni məqsəd daşıyan tapşırıqları İrandan da alıblar. 2018-ci ildə Gəncədə törədilən terror aktı da məhz İran və Ermənistanın Azərbaycana qarşı birgə planı idi. 2019-cu ildə Zabil Məhərrəmov etiraf edirdi ki, “Hüseyniyyun” terror qruplaşmasının üzvü olan, Suriyada hərbi təlim keçmiş Yunis Səfərovun hazırlanması, Azərbaycana göndərilməsi və terror aktının törədilməsi onların “əsəri” idi.
44 günlük Vətən müharibəsində Azərbaycanın zəfəri İran və Ermənistanın ölkəmizə qarşı onilliklər ərzində həyata keçirdikləri planları alt-üst etdi. Müharibənin davam etdiyi vaxt İran Ermənistana dəstək verməklə Azərbaycanın qələbəsinin qarşısını almağa çalışsa da, nəticə əldə edə bilmədi. Müharibədən sonra əsas ümid yerləri Qarabağda qalmış separatçı ünsürlər idi. İrandan Xankəndiyə daşınan yüklər də separatçıların mövcudluğunu saxlamağa dəstək xarakteri daşıyırdı. Bu planları da baş tutmadı. Ötən ilin 20 sentyabrında keçirilən anti-terror tədbirləri ilə torpaqlarımızdakı erməni separatizmi məhv edildi, suverenliyimiz tam bərpa olundu. Beləliklə, İran və Ermənistanın Azərbaycana qarşı istifadə edə biləcəkləri bütün “oyuncaqları” əllərindən alındı. Məhz bu məqamda talış əsilli vətəndaşlarımızın adından danışmağa iddia edən xainləri dövriyyəyə salmaq, Azərbaycana qarşı etnik-milli zəmində təxribatlar törətmək istəyirlər.
– İranın cari dövr üçün məqsədi Azərbaycana təzyiq etmək, bölgədəki maraqlarının qəbul edilməsinə nail olmaqdır;
– Ermənistanın cari dövr üçün məqsədi Azərbaycanla sülh danışıqlarında “əlini gücləndirmək”, rəsmi Bakıya qarşı təzyiq rıçaqı əldə etməkdir;
Hər iki ölkənin uzunmüddətli hədəfi isə Azərbaycanı parçalamaqdır. Ermənistan xüsusi xidmət orqanlarından da tapşırıq alan xainlərin İranda “fəxri qonaq” kimi qəbul edilməsi, Azərbaycana qarşı olan konfransın təşkili və “şimali talışıstan” kimi xəstə təxəyyülün məhsulu olan iddiaların ortaya atılması bunu əyani şəkildə göstərir. Lakin İran və Ermənistan anlamalıdır:
– Azərbaycan xalqı nə bu cür təxribatların baş tutmasına imkan verər, nə də bu xainliyi unudar;
– Azərbaycanda etnik-milli zəmində sabitliyi pozmaq planları alt-üst olacaq, çünki Azərbaycan xalqı birdir, vahiddir, bunu 44 günlük müharibədə ermənilərə də, onların havadarlarına da nümayiş etdirdi;
– Boris və onun kimiləri isə hər kəsdən öncə talış əsilli vətəndaşlarımız bu torpaqlardan qovub və onların heç vaxt “yatamağa da yeri olmayacaq”;
Bütün təxribat planlarının, bütün oyunların qarşısında bir güc dayanır: Azərbaycan xalqı!