Prezident Donald Tramp vəzifəyə gəldikdən sonra İran ABŞ-da yeni administrasiya ilə kommunikasiya mübadiləsi aparmayıb.
Bu barədə İranın nazir müavini Məcid Taxt-Rəvançi İSNA agentliyinə müsahibəsində bildirib.
“Hər hansı kommunikasiya kanalları haqqında danışmaq hələ tezdir, baxmayaraq ki, İsveçrənin Tehrandakı səfirliyi vasitəsilə mesaj mübadiləsi üçün rəsmi kanal mövcuddur, bundan sonra da mövcud olacaq”, – deyə Rəvançi qeyd edib.
O əlavə edib ki, tərəflər arasında Maskat vasitəsilə əlaqə kanalının bağlanmasına baxmayaraq, İran və ABŞ arasında mesajlar ötürən başqa ölkələr də var.
Qeyd edək ki, 2024-cü ilin may-oktyabr aylarında İran və ABŞ Omanın vasitəçiliyi ilə dolayı danışıqlar aparıblar və bu danışıqlarda birtərəfli Amerika sanksiyalarının ləğvi, eləcə də Tehranın nüvə proqramı müzakirə edilib. Lakin oktyabrın 14-də İran hakimiyyəti Yaxın Şərq regionundakı vəziyyətlə əlaqədar danışıqları dayandırıb.
Məlumatda İranın xarici işlər naziri Abbas Əraqçinin fikri də xatırladılır: “İran öz vətəndaşlarının və milli maraqlarının qorunmasında heç bir güzəştə getməyəcək”.