Ermənistanda Şimal-Cənub dəhlizinin Qacaran-Agarak hissəsinin (İran sərhədi) tikintisinə başlanılıb.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Söhbət Tranş-4 çərçivəsində yolun 32 km-lik hissəsindən gedir. Tikinti işlərini iki İran şirkəti – “Abad Rahan Pars International Group” və “Tunnel Sadd Ariana” həyata keçirəcək. Hazırda səfərbərlik və hazırlıq işləri aparılır, tikinti bazası hazırlanır, avadanlıqlar gətirilir.
Bu sahədə 17 körpünün, 2 tunelin (ümumi uzunluğu 900 m), 5 nəqliyyat qovşağının tikintisi planlaşdırılır.
Xatırladaq ki, “Şimal-Cənub” Ermənistanla İranın uzun illərdir həyata keçirməyə çalışdığı bir layihədir.
Bu yol İrandan Gürcüstan sərhədinə qədər olan məsafəni 550-dən 490 km-ə qədər azaldacaq ki, bu da Ermənistan ərazisindən gediş-gəlişi sürətləndirəcək və ölkə üçün yeni tranzit imkanları yaradacaq. Yol həmçinin, İrandan Qara dənizə yüklərin çatdırılmasını asanlaşdıracaq.