İran parlamentinin üzvü Bakıda terror törətmək istəyir: Cəlal Rəşidi Koçi kimdir? – FOTO

0
90

İran dövlət mediası xəbər verir ki, “İsrailin zərbəsi” Suriyanın paytaxtı Dəməşqdə İran konsulluğunun binasını dağıdıb. Ölənlər arasında İran İnqilab Keşikçiləri Korpusunun(SEPAH) yüksək rütbəli komandiri, briqada generalı Məhəmməd Rza Zahedi də var. İran KİV-ləri beş nəfərin (Hüseyn Əmanullahi; Mehdi Cəlalati; Mohsen Sadaqat; Əli Ağa Babai və Əli Salehi Rozbahani), Böyük Britaniyada yerləşən Suriya İnsan Hüquqları Müşahidə qrupu isə 8 nəfərin öldüyünü bildirir.

Qətlə yetirilmiş M.Rza Zahedi SEPAH-ın xaricdəki qolu olan Qüds Qüvvələrində mühüm fiqur olub. O, SEPAH-a 44 il əvvəl qoşulub və tez bir zamanda yüksək rütbəyə yüksəlib. 2008-2016-cı illərdə SEPAH-ın Suriya və Livan əməliyyatının komandiri vəzifəsində çalışıb. Bu müddət ərzində onun komandiri olduğu qüvvələr Suriya vətəndaş müharibəsində Prezident Bəşər Əsədə dəstək üçün vuruşub. İran mediası onun 2008-ci ildə bomba yüklü avtomobillə öldürülən “Hizbulla”h liderliyində ikinci adam olmuş İmad Muğniye ilə şəklini paylaşır.

Suriya müdafiə naziri bildirib ki, İsrail raketləri yerli vaxtla saat 5-də konsulluğun binasını hədəfə alıb. İran səfirliyi və konsulluq Dəməşqin mərkəzində yerləşir. İranın Dəməşqdəki səfiri Hüseyn Əkbəri deyib ki, İsrail heç bir beynəlxalq qanunu tanımır və öz məqsədlərinə çatmaq üçün hər cür qeyri-insani addımlar atmağa hazırdır.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian suriyalı həmkarı ilə telefon danışığında konsulluğa hücumu pisləyib. O, İsrailin “bütün beynəlxalq öhdəliklərini və konvensiyaları pozduğunu” və bu cür “cinayətkar hərəkətlərə” görə məsuliyyət daşıyacağını, Benyamin Netanyahunun “Qəzzada təkrarlanan məğlubiyyətlərdən” sonra “zehni tarazlığını tamamilə itirdiyini” bildirib. İran XİN sözçüsü Nasser Kanani isə bildirib ki, Tehran Dəməşqə hücumun arxasında duran “təcavüzkarlara” qarşı tədbirlər görmək hüququnu özündə saxlayır.

Müşahidəçilərə görə, İsrail hazırda bu ölkənin şimal bölgələrində və Livanın daxilində İsraillə döyüşən İran və “Hizbullah”a qarşı savaşı sınaqdan keçirir. Yəni İsrail-İran qarşıdurması indi heç zaman olmayacaq qədər ehtimal ediləndir. Lakin İran hədəfdən yayınmaq üçün birbaşa İsraillə döyüşə girməkdən çəkinir və yan hədəf kimi ətraf ölkələri göstərir.

İran parlamentinin üzvü Cəlal Rəşidi Koçi “X” (Tvitter) hesabında yazdıqları ilə hansı ətraf ölkələrin təhdid edə biləcəklərinə aydınlıq gətirib.

O yazıb ki, sionistlərin İran torpağına hərbi hücumuna cavab verməkdə gecikmə İranın böyük ad və şərəfinə ağır zərbə vurmağa bərabərdir. “Təklifim odur ki, sionistlərin region ölkələrinin birindəki diplomatik mərkəzlərindən birini, daha yaxşısı Azərbaycanı açıq və birbaşa hədəfə almaqdır”.

Qısa müddət Fars valisi vəzifəsini də tutmuş C.R.Koçi 1984-cü ildə Farsistan vilayətinin Mərvdəşt şəhərində anadan olub. Şəhər əhalisi əksərən farsivanlar və azsaylı lurlardan ibarətdir. Atası Cəlil Koçi İslam inqilabının fəallarından, İran parlamentinin dördüncü çağırış deputatı olub. Raşidi SEPAH-ın üzvü olub, qeydlərindən Mehr İmam Rza Vəqfində də çalışdığı bəlli olur. 2018-ci ildən parlamentdə Mərvdəşt, Ərsəncan və Pasarqad sakinlərini təmsil edir.